“Əgər istəyirsinizsə uşaqlarınız ağıllı olsun, ağıllı qızlarla evlənin” - Çingiz Abdullayev
Ramana qəsəbəsindəki 198 saylı məktəbdə baş tutan görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev onu dünyada məşhurlaşdıran, oxucuların sevimlisinə çevirən yaradıcılığından söhbət açıb.
Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunub. 34 ildir ki, Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Səməd Vurğunun otağında oturub işləyir. "Xalq yazıçısı" fəxri adına ölkəmizdə ən cavan yaşda - 45 yaşında layiq görülüb. 203 romanı çap olunub. 52 ssenarisindən 8-nə kino və serial çəkilib. "Bu gün Azərbaycanda cəmi dörd Xalq şairi var - 81 yaşlı Nəriman Həsənzadə, yaşları 80-ə yaxınlaşan Ramiz Rövşən, Sabir Rüstəmxanlı və 77 yaşlı Vahid Əziz. O cümlədən, səkkiz xalq yazıçımız var. İndi onların ən cavanı sizin görüşünüzə gəlib..."
Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:
Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, "Kaspi" qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə həyata keçirilən "Məktəbdə" layihəsi çərçivəsində Ramana qəsəbəsindəki 198 saylı məktəbdə baş tutan görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev onu dünyada məşhurlaşdıran, oxucuların sevimlisinə çevirən yaradıcılığından söhbət açdı. Şagirdlərin görüşdən öncə məktəbin kitabxanasında yazıçının "Kişi papağı" adlı hekayəsi əsasında təqdim etdikləri səhnəcik, "Uşaqlarımız çoxdan sizinlə görüşmək arzusunda idilər" deyən məktəbin direktoru Şəlalə Nadirovanın səmimi sözləri Çingiz Abdullayevin yaradıcılığını sevdiklərinin təsdiqi idi ki, bu, yazıçının gözlərini yaşartdı: "İndiyə qədər ölkəmizdə 174 məktəbdə olmuşam. Elə bir universitet və ya kollec yoxdur ki, orda tələbələrlə görüşməyim. Heç vaxt görüşlərdə oturmuram. Elə vaxt olub ki, 6 saat ayaq üstdə dayanıb suallara cavab vermişəm. Onda elə bilirəm ki, auditoriyaya daha yaxınam, bir-birimizi daha yaxşı başa düşürük..."
Əgər torpaqlarımızı qaytarmasaydıq...
Yazıçı öncə ən çox hörmət etdiyi peşə sahiblərinə - MÜƏLLİMlərə olan məhəbbətinin sirrini açıqladı: "Anam müəllimə olub. İki ixtisas var ki, mənə görə ən hörmətlidir: müəllim və həkim. Nə üçün mən müəllim adını xüsusi vurğulayıram? Prezidentin Sərəncamı ilə Yaşat Fondunun Himayəçilər Şurasında təmsil olunuram. Biz 2-ci Vətən Müharibəsində 3 min şəhid vermişik. Həmin 44 günlük müharibədə 60-70 yaşlı insanlar şəhid olmayıb. Həlak olanların əksəriyyəti 20-25 yaşlı gənclərdir. Onların heç biri Şuşanı, Ağdamı, Füzulini görməyiblər. Amma müəllimlərimizə, Prezidentimizə, yazdıqlarımıza inanaraq gedib döyüşüblər və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olublar. "Onlar torpaqlarımızı qaytarıblar" deyiləndə mən o qədər də xoşlamıram. O cavanlar təkcə torpaqlarımızı yox, ləyaqətimizi, qürurumuzu qaytarıblar. Əgər biz torpaqlarımızı qaytarmasaydıq, özümüzə hörmət edə bilməzdik. Amma biz sübut elədik ki, qəhrəman xalqıq. Müharibə dövründə, ondan sonra da ermənilərin ölkəmiz haqqında yalanlarını, uydurmalarını eşitdik. Amma biz öz həqiqətlərimizi dünyaya danışırdıq və bu gün də danışırıq