Azad Media Susdurula Bilməz!
BOKT vətəndaşdan xəbərsiz evini satıb
cəmi̇yyət

BOKT vətəndaşdan xəbərsiz evini satıb

Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Redaksiyamıza bu qəbildən növbəti şikayət daxil olub.
Şikayətçi Mustafayev Hüseyn Fariz oğlu bildirib ki, 2019-cu ildə anası, mərhum Mustafayeva Əzizə Aydın qızı yaşadıqları evi 10 000 AZN kredit müqabilində "Kəpəz" BOKT-a girov qoyub:
"Anam vəfat edənədək mən şəxsən ümumi məbləği 14 000 AZN olmaqla mütəmadi ödəniş etmişəm. Anam vəfat etdikdən sonra vərəsəlik hüququ atama keçdi. Lakin atam məhkum olduğundan ödənişlərdə gecikmələr yarandı. Bundan sonra BOKT Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ödədiyimiz məbləğdən əlavə 17 000 AZN ödəməli olduğumuz barədə iddia qaldırdı."
Şikayətçinin sözlərinə görə, məhkəmə tərəfindən ekspertiza təyin edilib və ekspert rəyi faizlərin yüksək hesablandığını müəyyən edib. Həmin rəyə əsasən məhkəmə iddia tələbini 10 400 AZN məbləğində müəyyən edib.
"Hakim Məlahət Abbasova bildirdi ki, qərar icraya göndərilib və mən  müəyyən məbləği razılaşdıraraq hər ay ödəməliyəm. Lakin 2025-ci ildə məhkəmə prosesi başa çatdıqdan sonra icra şöbəsindən mənə bildirildi ki, BOKT hissəli ödəniş qəbul etmir və borcun birdəfəyə ödənilməsini tələb edir. Həmin vaxt isə bizim borcu tam ödəmək imkanımız yox idi."
Şikayətçi daha sonra qeyd edib ki, bundan sonra icra şöbəsindən ona məktub göndərilib:
"Məktubda qeyd olunurdu ki, "Kəpəz" BOKT bazar dəyəri 110 000 AZN olan evi hərrac yolu ilə 51 000 manata özü alıb. 10 400 AZN borc və icra xərcləri çıxıldıqdan sonra qalan təxminən 39 000 AZN vəsaitin mənə ödənilməsi üçün Ədliyyə Nazirliyinin balansına köçürüldüyü bildirildi."
Şikayətçi iddia edir ki, hərrac prosesi barədə ona heç bir rəsmi bildiriş təqdim edilməyib:
"Mən banka müraciət edərək borcu artıq şəkildə ödəyib evin yenidən öz adıma keçirilməsini istəsəm də, mənə rədd cavabı verildi. Bildirdilər ki, evi 110 000 AZN-ə satacaqlar. Hərracla bağlı mənə məlumat verilməməsinin səbəbi barədə isə heç bir izahat verilmədi."
Şikayətçi hesab edir ki, əmlakı real bazar dəyərindən xeyli aşağı qiymətə əlindən alınıb:
"Beləliklə, mənim əmlakım həqiqi dəyərindən təxminən iki dəfə aşağı qiymətə BOKT tərəfindən əlimdən alınır. Hazırda evdə 1 yaşlı körpə uşaq var. Buna baxmayaraq, BOKT nümayəndələri hər həftə bizi evdən çıxarmaq və əmlakı boşaldaraq təhvil almaq üçün gəlirlər."
Çətin vəziyyətlə üzləşdiyini deyən vətəndaş çıxılmaz durumda qaldığını bildirib. Onun sözlərinə görə,   ailənin şikayəti əsasında məsələyə Yasamal Rayon Məhkəməsində baxılacaq: "İclas mayın 26-na təyin olunub. Ancaq BOKT həmin müddəti gözləmədən ailəmizi evimizdən çıxartmaq istəyir". Şikayətlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bakufakt.az 

IRON MAX AZERBAIAN