Piyadalaşdırılan küçədə təmir işləri niyə dayandırlıb? – RƏSMİ AÇIQLAMA
Bakı şəhərinin mərkəzində yerləşən və iki əsas piyada zonası olan Fəvvarələr meydanı ilə Qış parkını birləşdirən küçədə aparılan təmir işləri uzun müddətdir davam edir.
Bakufakt.az xəbər verir ki, sözügedən İslam Səfərli küçəsinin piyadalaşdırılması istiqamətində görülən işlər ləngiyir. Paytaxt sakinlərinin və turistlərin sıx istifadə etdiyi bu ərazidə aparılan abadlıq və yenidənqurma işlərinin uzanması ətrafda yaşayan insanların gündəlik həyatına ciddi çətinliklər yaradır. Xüsusilə piyada hərəkətinin intensiv olduğu bu zonada yaranan problemlər sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, işlər vaxtında və sistemli şəkildə aparılmadığından küçənin vəziyyəti günü-gündən daha da pisləşir. Yolun qazılmış hissələri, qeyri-bərabər səth və təhlükəsizlik tədbirlərinin yetərsizliyi həm böyüklər, həm də uşaqlar üçün ciddi risk yaradır. Xüsusilə məktəbli uşaqların səhər və axşam saatlarında məktəbə gedib-gəlməsi zamanı çətinliklərlə üzləşməsi valideynlərin narahatlığını daha da artırır.
Məsələ ilə bağlı ərazidə təmir işlərini icra edən podratçı şirkət tərəfindən Avtoafer.az-a verilən məlumata görə, İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır, həmçinin mövcud kommunikasiya xətləri tam yenilənib. Şikayət olunan hissəyə gəlincə isə şirkətdən bildirildi ki, həmin ərazidə ötən gün kommunikasiya işləri başa çatdırılıb və bu gündən etibarən layihənin icrasına başlanılacaq.

