Qeyri-qanuni nikaha görə həbs olundu, əri ona xəyanət elədi, ölkəsindən qovuldu - 21 il ev dustağı olan Ququşun həyatı
Əslən azərbaycanlı olan məşhur İran müğənnisi və aktrisası Ququş haqda maraqlı faktları təqdim edir.
Ququş - Əsl adı Faiqə Atəşindir. Milliyətcə azərbaycanlı olan bu xanım İranın məşhur müğənnisi və aktrisasıdır. O, 1950-ci il, mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib.
Azərbaycanəsilli valideynləri Sabir və Nəsri Atəşinlər İrana Bakıdan köçüblər. Ququş hələ uşaqkən valideynləri boşanıb. Bundan sonra Faiqə atası ilə birlikdə yaşamağa başlayıb. Balaca Faiqə böyük səhnəyə addımlarını cambaz və əyləndirici artist (təlxək - red.) olan atası ilə birlikdə atmağa başlayıb. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanan üç yaşlı qızcığaz yavaş-yavaş səhnəyə çıxmağa alışıb. Bəlkə də, bu, həyatın ona təqdim etdiyi ən çətin, amma ən gözəl yolun başlanğıcı olub.
"Valideynləri boşandığından Ququşun uşaqlığı çətin keçib. O, balaca vaxtlarından atası ilə pul qazanıb. Boyu mikrofona çatmayan balaca qızcığaz mahnı oxuyur, insanlara maraqlı tamaşalar göstərirdi. Atası evlənəndən sonra onun qara günləri başladı. Ögey anası Ququşu çox incidirdi. Bir gün ögey anası onu pilləkəndən yerə itələyib. Həmin vaxt onun qolu sınmışdı. Bundan sonra Ququş sağla yox, sol əli ilə yazmağa başlayıb, ondan bəri Ququş bütün işlərini sol əli ilə görür". - yaxınlarından biri Ququşun uşaqlığı haqqında bunları söyləyib.
Atasının çıxışlarından sonra səhnəyə çıxıb insanları ovsunlayan bu qızcığazı qonşuları əzizləyərək "Qu quşu" çağırırdı. Milyonların qəlbini fəth edən Faiqə Atəşin uşaqlıq ləqəbi onun səhnə adına çevrilir. Dünyanı heyran edən bu azərbaycanlı qız hər kəsin yadında Ququş kimi qalır