Gürcüstanda kəndin adı dəyişdirilir: Soydaşlarımız maraqlı təklif ediblər - REPORTAJ - FOTO
Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə başlanılıb. Prosedurun həyata keçirilməsində “Azadlıq xartiyası” əsas götürülüb. Belə ki, 2011-ci ildə Gürcüstanda qəbul olunmuş qanunla ölkə ərazisində coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağan edilib.
Yeni ad kimi Mtsvane qora (yaşıl/göy təpə) və Meqobroba (dostluq) adları nəzərdə tutulub. Kənd sakinləri Kirovka adının götürülməsinin tərəfdarıdırlar. Lakin yeni adla bağlı soydaşlarımızın əsaslandırılmış təklifi var.
“Report”un yerli bürosunun əməkdaşları Kirovkada olub və sakinlərin kəndin adı ilə bağlı fikirlərini və təkliflərini öyrəniblər.
Kəndin təsviri
Kirovka Debed çayının sol sahilindədir, Dəmyə-Gorarxı, Beytarapçı, Sadaxlı və soydaşlarımızın yaşadığı digər kəndlərlə həmsərhəddir. 2014-cü ildə aparılmış son siyahıyaalmaya əsasən, əhalisinin sayı 663 nəfərdir. Hazırkı say dəqiq bilinmir. Kənddə 150 ev var və azərbaycanlılarla yanaşı, iki erməni ailəsi də yaşayır. Sakinlərlə söhbət zamanı məlum olur ki, kənddə 60 gürcü ailənin mülkiyyətində olan torpaq sahəsi də var. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Kirovkada bir məscid və bir məktəb var. Məktəbin acınacaqlı durumu soydaşlarımızı narahat edən bir nömrəli məsələdir. Təhsil ocağı barədə bir qədər sonra.
Tarixi ad - Mamey
Sakinlərlə söhbət zamanı bəlli olur ki, kəndin tarixi adı Mamey olub. Bu ada Gürcüstanda 1983 və 2006-cı illərdə dərc olunmuş ensiklopedik toplularda da rast gəlinir. Toponimin mənşəyinə gəlincə, sakinlər bu barədə dəqiq məlumata malik olmadıqlarını bildiriblər. Lakin bəzi mənbələrdə Mamey kəndini İranın İsfahan vilayətindən köçürülmüş “tatar ailələrin” (azərbaycanlılar - red.) saldığı qeyd olunub. Kirovka kəndinin sakinləri də məhz bu adın bərpasını istəyirlər. Onların sözlərinə görə, yeni ad fikirləşməyə heç bir lüzum yoxdur.