
300 uşaq xəstəxanalıq oldu, 10%-i təcili əməliyyat edildi - Oyuncaq XƏBƏRDARLIĞI
Uşaqlar arasında çox məşhur olan və internetdə satılan SOPPYCID markalı yenidən doldurula bilən su balonu Böyük Britaniyada ciddi təhlükəsizlik problemləri səbəbindən təcili olaraq geri çağırılıb.
Bakfakt.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Məhsul Təhlükəsizliyi və Standartları Ofisi məlumat yayıb. Məhsulun ciddi yaralanma riski yaratdığını bildirilib. Ailələrə uşaqlarını bu oyuncaqdan uzaq tutmaları barədə xəbərdarlıq edilib.
Rəngarəng, maqnitlə örtülən su balonları kimi təsvir edilən məhsulda kiçik və uşaqlar tərəfindən udula biləcək qədər güclü maqnitlər olduğu müəyyən edilib. Qurumun açıqlamasına görə, bu maqnitlərin maqnit axını indeksi qanuni hədləri xeyli üstələyir.
"Kiçik və güclü maqnitləri asanlıqla udmaq olar. Onlar bədəndə bir-birinə yapışaraq həzm sisteminə ciddi daxili zədələr verə bilər. Bu oyuncaq markalanma, etiketləmə və sənədləşdirmə baxımından təhlükəsizlik standartlarına cavab vermir" – məlumatda deyilir.
Məhsul Çinin “Fruugo” onlayn alış-veriş saytında satışda olsa da, risk qiymətləndirməsindən sonra satışdan çıxarılıb və bazardan geri çağırılmağa başlanıb.
Sausempton Universiteti tərəfindən aparılan yeni bir araşdırma nəticəsində təkcə İngiltərədə bir il ərzində 300-ə yaxın uşağın maqnit udduqları üçün təcili yardıma müraciət etdiyi üzə çıxıb.
Məlumata görə, bu uşaqların təxminən 10%-i təcili əməliyyat keçirməli olub.
Billurə Yunus