Banda başçısının oğlu öldü, qətliam əmri verdi - 110 nəfər öldürüldü
Haitinin paytaxtı Port-au-Prensin yaxınlığındakı Cite Soleil gecəqondularında "Wharf Jeremie" bandasının üzvləri kütləvi qırğın törədib və azı 110 nəfər həlak olub.
Bakufakt.az xəbər verir ki, bu barədə DW Haiti İnsan Hüquqlarını Müdafiə Milli Şəbəkəsinin (RNDDH) bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, qırğına səbəb dəstənin lideri Monel "Mikano” Feliksin şənbə günü, dekabrın 7-də dünyasını dəyişən övladının cadugərlikdən zərər çəkdiyinə dair şübhələri olub. Uşağın xəstəliyi ilə bağlı məsləhət aldığı vudu keşişi bir qrup yaşlı insanı cadugərliklə uşağa zərər verməkdə ittiham etdikdən sonra Feliks kütləvi qətl əmri edib.
RNDDH-nin bəyanatında deyilir ki, "Wharf Jeremie" üzvləri cümə günü ən azı 60, şənbə günü isə 50 nəfəri pala və bıçaqla qətlə yetiriblər. Hüquq müdafiəçiləri bildirir ki, qurbanların hamısının yaşı 60-dan yuxarı olub.
Dəstənin sərt nəzarəti, o cümlədən mobil telefonların istifadəsinə məhdudiyyətlər sakinlərin qırğınla bağlı məlumat paylaşmasına mane olub.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, oktyabr ayında "Wharf Jeremie" bandasının sayı təxminən 300 nəfərdir. Cite Soleil Haitidə zorakılığın ən yüksək səviyyədə olduğu ən yoxsul bölgələrdən biridir.
Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin ilk üç ayında Haitidə quldurların əli ilə 1500-dən çox insan həlak olub.