Mironov: “Delyaginin Azərbaycanla bağlı dedikləri partiyanın mövqeyini əks etdirmir”
“Ədalətli Rusiya-Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov bəyan edib ki, Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı dediyi sözlər təhrif olunub.
O qeyd edib ki, istənilən halda bu, siyasətçinin şəxsi fikridir və partiyanın, eləcə də onun fraksiyasının mövqeyilə heç bir əlaqəsi yoxdur.
“Həmkarımız, fraksiyamızın deputatı, iqtisadçı Mixail Delyaginin açıqlaması ilə bağlı heç də yaxşı olmayan bir vəziyyət yaşandı. O, verilişlərin birində Azərbaycanın neft sənayesi ilə bağlı fikirlərini bildirdi. Onun sözlərini təhrif etdilər. Demək istəyirəm ki, Mixail Delyaginin televiziya verilişlərindən birində dediyi fikir onun şəxsi fikridir. Bu, bizim fraksiyamızın və partiyamızın fikri deyil”, - Mironov jurnalistlərə bildirib.
Qeyd edək ki, bir müddət öncə Delyagin Rusiyanın federal telekanallarından birinin efirində onun fikrincə, Polşa və Azərbaycan tərəfindən ehtimal olunan təhlükələrə diqqət çəkib və ölkəmizin neft sənayesinə nüvə zərbələri endirməyi təklif edib.