Ərdoğan: “Putin və Zelenski ilə əlaqələri davam etdirmək niyyətindəyəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun son sammitindən sonra Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə təmasları davam etdirmək niyyətində olduğunu bildirib.
“Biz fəal və prinsipial siyasətimiz və diplomatik səylərimiz barədə NATO müttəfiqlərimizə məlumat verdik. Hesab edirik ki, NATO real və strateji hərəkət etməlidir. Biz ehtiyatlı nikbinliklə Rusiya və Ukrayna arasında danışıqlarda irəliləyişi dəstəkləyir və alqışlayırıq. Mən Putin və Zelenski ilə bugünkü sammitdən sonra da əlaqələri davam etdirmək niyyətindəyəm”, - Türkiyə prezidenti NATO sammitindən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib.
Türkiyə prezidenti həmçinin bildirib ki, o, NATO tərəfdaşlarının diqqətini təhlükəsizliyin bölünməzliyi prinsipinə cəlb edib.
“Biz vurğuladıq ki, alyans Rusiya və ya başqa ölkə üçün təhlükə yarada biləcək bir struktur deyil”, - Türkiyə prezidenti qeyd edib.
Ərdoğan əlavə edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqların gedişatını diqqətlə izləyir və onları dəstəkləyir. Həmçinin, bundan sonra da Türkiyə Ukraynaya humanitar yardım göstərməyə davam edəcək.
Mənbə: TASS