Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov və digər deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi rezonans yaradıb.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib:
"İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını bildirir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Musabəyov tarixi yaxşı bilməli idi axı ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.
Bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?
Nəhayət, bu iki şəxslə bağlı isə yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz, üzərində minlərlə şəhidin haqqı var...", - deyə o bildirib.