Azad Media Susdurula Bilməz!
Ermənistanın beşinci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb
SİYASƏT

Ermənistanın beşinci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Ermənistanın beşinci prezidenti Vaaqn Xaçaturyan Milli Assambleyanın növbədənkənar iclasında and içərək vəzifəsinin icrasına başlayıb.

Mərasim bazar günü parlamentin növbədənkənar iclasında baş tutub.

Bütün ermənilərin katolikosu II Qaregin yeni prezidenti ilk olaraq təbrik edib, ona xeyir-dua verib və çıxışını dua ilə bitirib.

Mərasimdə Ermənistanda akkreditə olunmuş diplomatlar, ictimai-siyasi xadimlər, yüksək ruhanilər və rəsmi şəxslər də iştirak ediblər. Parlament müxalifəti iclasda iştirakdan imtina edib.

Qeyd edək ki, Xaçaturyan parlamentin martın 3-də keçirilən iclasında prezident seçilib. Səsvermənin ikinci turunda 71 deputat onun namizədliyini dəstəkləyib. 2015-ci il konstitusiya islahatından sonra Ermənistan parlament idarəetmə formasına keçib. Ona görə də prezident Milli Məclis tərəfindən seçilib.

Xaçaturyanın prezident kimi sələfi Armen Sarkisyan yanvarın 23-də istefa verib və bu addımını ən mühüm daxili və xarici siyasət məsələlərinə təsir etmək üçün lazımi alətlərə malik olmaması ilə izah edib. Bundan sonra hakim partiyanın “Vətəndaş sazişi” fraksiyası Xaçaturyanın namizədliyini irəli sürüb. O, əvvəllər yüksək texnologiyalar sənayesi naziri, 1992-1996-cı illərdə İrəvanın meri vəzifəsində çalışıb.

Mənbə: TASS

IRON MAX AZERBAIAN