“İran anlamalıdır ki, Səttarxanlar, Pişəvərilər yetişdirmiş bu böyük toplum artıq susmayacaq
İran dövləti və bu ölkənin siyasi kursu müstəqil, demokratik və dünyəvi Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir”.
Bu sözləri deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, əgər İran əvvəllər bu mövqeyini haradasa pərdələyirdisə, Vətən müharibəsində, Azərbaycanın şanlı zəfərindən sonra artıq rəsmi Tehran Azərbaycanla bağlı bu psixoz və qarabasma mövqeyini açıq formada fəaliyyətdə əks etdirməyə başlayıb:
“Hamımız şahid olduq ki, istər müharibə dövründə, istər sonralar İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarında, habelə həm Azərbaycanın özündə İrana maşalıq edən, eyni zamanda İrana sığınaraq məqam gözləyən xəyanətkar, satılmış üzdəniraqlar Azərbaycana qarşı açıq formada kampaniyalara başlayıblar. Baxmayaraq ki, ən mürəkkəb dövrdə belə, Prezident İlham Əliyev əlini Xudafərin körpüsünə sarı uzadıb qədim Azərbaycan abidəsini dostluq körpüsü adlandırmışdı. İran əslində sivil, beynəlxalq hüquqa minimal hörmət bəsləyən dövlət olsaydı bu jestdən sonra artıq durardı, yeni səhifə açıb dostluq və əməkdaşlıq barədə düşünərdi. Amma əksinə, İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirərək özünün əsl simasını ortaya çıxardı.
İndi guya öz aləmlərində bu kimi xaotik, məntiqsiz davranışlarla ölkəmizi daim təzyiq və təhdid altında saxlamaq istəyirlər, amma özləri də başa düşürlər ki, qarşılarındakı 1990-cı illərin Azərbaycanı deyil, bu gün biz artıq beynəlxalq nüfuza malik çox güclü və qətiyyətli bir lider tərəfindən idarə olunan ciddi hərbi-siyasi gücə malik bir dövlətik. Molla rejimi bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb. Heç bir üçüncü dövlətə imkan verməmişik ki, ərazimizdən İrana qarşı istifadə etsin, hətta İran sanksiyalar altında sürünəndə biz əlaqələrimizə heç bir məhdudiyyət tətbiq etmədik, İran bizim hesabımıza nəfəs aldı. Çünki biz bütün qonşularımızla sülh və sabitlik şəraitində mehriban qonşuluq münasibətləri qurub əməkdaşlıq etmək istəyirik. Amma təəssüf ki, hələlik İrandan ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik xarakterli münasibət müşahidə edirik”.