Xaçmaz sakini dələduzluq edib? "6 min manat alıb, üzərinə götürdüyü işi yerinə yetirməyib"
Xaçmaz sakinindən şikayət: "6 min manat alıb, üzərinə götürdüyü işi yerinə yetirməyib"
Redaksiyamıza daxil olan müraciətdə Xaçmaz rayonunun Çarxı kənd sakini İlkin Baxışovdan şikayət olunur.
Şikayətçinin iddiasına görə, İlkin Baxışov kənd təsərrüfatı sahələrində məhsul yetişdirilməsi ilə bağlı işlərin görülməsi məqsədilə onlardan 6 000 manat məbləğində vəsait alıb. Lakin iddiaya əsasən, öhdəsinə götürdüyü işləri yerinə yetirməyib və nəticədə zərər yaranıb.
Müraciətdə bildirilir ki, məsələ ilə bağlı dəfələrlə İlkin Baxışovla əlaqə saxlanılıb, ödənilmiş vəsaitin qaytarılması tələb edilib. Onun müxtəlif vaxtlarda pulu yaxın günlərdə qaytaracağına dair vədlər verdiyi, lakin bu vədlərin yerinə yetirilmədiyi iddia olunur. Şikayətçinin sözlərinə görə, sonradan zənglər cavabsız qalıb və əlaqə saxlamaq mümkün olmayıb.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət edəcəyini bildirir və oxşar hallarla qarşılaşa biləcək vətəndaşları diqqətli olmağa çağırır.
Qeyd edək ki, yazıda yer alan məlumatlar müraciət müəllifinin iddialarına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. İlkin Baxışovun mövqeyi redaksiyamıza təqdim olunacağı təqdirdə, həmin açıqlama olduğu kimi yayımlanacaq.

