
"Bakufakt.az""Acces Bank" vətəndaşa vurduğu zərəri ödəməkdən BOYUN QAÇIRIR - ŞİKAYƏT
"Acces Bank" vətəndaşın evinin əşyalarını əsassız səbəbdən zəbt edib.
Bakufakt.az xəbər verir ki, sözügedən bank vətəndaşdan kredit müqabilində aldığı evi məhkəmə qərarından sonra baxımsız hala salıb.
Bakufakt.az-a üz tutan şikayətçi Bəşirov Cəbrayıl Mirağa oğlu redaksiyamıza şikayətində bildirir ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsi ev 6 mənzil 27-nin sahibi olan ailə olduqca çətin vəziyyətlə üzləşib. Belə ki, Bəşirov Cəbrayıl Mirağa oğlunun adına olan mənzil bir neçə il əvvəl bankla mübahisə predmeti olub. Mübahisə manatın devalvasiya prosesindən sonra yaranıb.
Belə ki, mənzil "Acces Bank"-a girov qoyularaq kredit götürülüb, ancaq dolların məzənnəsinin artması səbəbindən ödəniş mümkün olmayıb. Şikayətçinin dediyinə görə, polis əməkdaşları və icra məmurları mənzilin qapısını sındıraraq içəri daxil olublar, mənzildəki bütün əşyalar müsadirə edilib. Əşyaların xüsusi anbara aparıldığı bildirilsə də, siyahı tutulmayıb və aktlaşdırma aparılmayıb. Bundan sonra bank mübahisə predmeti olan mənzili təmir edərək üçüncü şəxsə satıb. Ancaq mənzil sahibi məsələni məhkəmədə mübahisələndirib və nəticədə qalib gəlib.
Bu dəfə isə evdə yaşayan şəxslərlə problem ortaya çıxıb. Məhkəmə qərarına uyğun olaraq evdən çıxmalı olan üçüncü tərəf mənzili olduqca pis vəziyyətə salıb. Qapılar sındırılıb, döşəmə cırılıb, divar kağızları cırılıb. Mənzildən çıxan tərəf bunu qəsdən etdiyini etiraf edib, evin əsl sahibinin ünvanına təhdid mesajları və şəxsiyyətini alçaldan mesajlar göndərib ancaq buna görə heç bir tədbir görülməyib və dəymiş zərərə görə kompensasiya ödənilməyib.
Əlaqədar qurumlar da məsələyə reaksiya vermir, mənzili məhkəmə qərarı ilə özünə qaytaran ailəyə dəyən ziyanın ödənilməsi üçün təşəbbüs göstərmirlər. "Acces Bank" məhkəmənin qərarını qulaqardına vuraraq ailənin müsadirə etdiyi əşyalarını geri qaytarmır. Ailəyə vurulan maddi və mənəvi ziyan məhkəmə qərarı ilə bankın öhtəsinə düşsə də bank rəhbərliyi ailənin zənglərinə cavab vermir.
Ümid edirik ki, əlaqədar dövlət qurumları vətəndaşa dəyən ziyanın təmin edilməsi üçün bütün mümkün qanuni tədbirləri görəcəklər.
"Bakufakt.az"