Bakıda daha bir məşhur plastik cərrahdan şikayət var - FOTO
Bakıda uzun müddətdir fəaliyyət göstərən məşhur plastik, estetik cərrahlarla bağlı qalmaqal davam edərkən, redaksiyamıza bu qəbildən şikayət daxil olub.
Belə ki, redaksiyamıza müraciət edən Amalya Banayeva adlı xanım keçirdiyi plastik əməliyyatın nəticələrinin əvvəlcədən həkimlə razılaşdırılmış kimi olmamasından şikayətçidir.
Onun sözlərinə görə, “Azərtürkmed” hospitalda 4700 manat ödəniş müqabiində bu il oktyabrın 1-də əməliyyat olunub. Həkim Şövkət Əliyevə sinə yığdırma və implant əməliyyatı etdirmək üçün Rusiyadan Bakıya gələn xanım bildirib ki, nəticələr əvvəlcədən ona vəd edilmiş və razılaşdırılmış kimi olmayıb:
“Problem odur ki, əvvəlcədən 395 ml implant razılaşdırmışdıq, ancaq əməliyyatdan sonra məlum oldu ki, 360 ml implant olub. Bundan başqa, mənim icazəm olmadan həkim prosedur edib. Əməliyyatın səhəri günü həkim mənə guya hər şeyi mən istədiyim kimi etdiyini dedi. Amma əslində mənə “Sebbim” implantı göstərib, “Politeks” yerləşdirib. Məndə olan məlumata görə, heç o implant xəstəxanada olmayıb, haradansa gətizdirib. Bir sözlə, sinəmi çox bərbad vəziyyətə salıb”.
Şikayətçi bununla bağlı əməliyyatdan sonra həkimlə danışmaq istəsə də, həkim müraciətlərə cavab verməyib:
“Özünü tapmaq olmurdu. Zənglərə tibb bacısı cavab verirdi. Xəstəxanaya getdim, hər dəfə həkimin əməliyyatda olduğu deyildi. Məcburən hospitalın direktoruna müraciət etdim. O isə məni nəinki dinləmədi, hətta polis çağıracağı ilə hədələdi.
Elə qışqırırdı ki, sanki həkim səhvini edən mənəm”.
Həmsöhbətimiz bildirib ki, məsələ ilə bağlı hələlik məhkəməyə müraciət etməyib:“Mən bu bərbad əməliyyata görə ödədiyim vəsaiti geri tələb edirəm. Ancaq mənə bildirirlər ki, pulu geri qaytarmayacaqlar. Təklif edirlər ki, 6 ay sonra gəlim, məni təkrar əməliyyat etsin. Mən həmin klinikada və həmin həkimə təkrar əməliyyat etdirmək istəmirəm. Bunun üçün yenidən Rusiyadan bura gəlməliyəm. Üstəlik, birinci dəfə olan səhvlərdən sonra kim onlara ikinci dəfə etibar edər? Mənə deyirlər ki, guya nə uyğun olubsa, onu da ediblər. Yəni, özlərində günah görmürlər. Mən Moskvada elmlər doktoru Valentina Kravçenkanın qəbulunda oldum. O, həkimin işinə baxıb dedi ki, həkim səhvidir. Yəni, mənim bədənimin uyğun olmaması barədə həkimin sözləri sadəcə günahı boynundan atmaqdır”.
Həmsöhbətimiz bildirib ki, əgər ödədiyi vəsait geri qaytarılmasa, məhkəməyə müraciət edəcək. Qarşı tərəfin fikrini yayınlamağa hazırıq.
“Bakufakt.az”