Əlillik pensiyası kəsildi, bərpa etdirmək üçün 11 min manat rüşvət verdi, amma… - QARABAĞ QAZİSİ DƏLƏDUZLUQLA ÜZLƏŞİB
Bakufakt.az xəbər verir ki, Qarabağ qazisi, Kürdəmir rayonu, Şüşün kənd sakini, 3 qrup əlil Hüseynov Sənan Söydümlü oğlu “Hürriyyət” qəzetinin redaksiyasına müraciət edərək, məmur özbaşınalığı ilə qarşılaşdığını deyir:
“Mən, Hüseynov Sənan Söydümlü oğlu, sizin sayt vasitəsilə bütün səlahiyyətli qurumlara səslənirəm. Xahiş edirəm ki, mənə qarşı edilən özbaşınalığa son qoyulsun, belə biabırçılıq olmaz.
Məlumat üçün deyim ki, 2021-ci ilin sentyabr ayına kimi 3-cü qrup əlili kimi pensiya almışam. Daha sonra pensiyam əsassız olaraq dayandırıldı. Bununla əlaqədar müəyyən orqanlara müraciət etsəm də, şikayətim əsassız qalıb.
Odur ki, səhv addım olsa da, pensiyamı bərpa etdirmək üçün çarəsizlikdən rüşvət yoluna əl atdım. Belə ki, Xətai rayonundakı şəhid ailələri və qazilərin müdafiəsi cəmiyyətində işləyən Şirinov Ramin Şahin oğluna öncə 8 min manat, daha sonra 3 min manat vermişəm. Həmin pulları Raminin kartına atmışam.
O, məndən ümümilikdə 11 min manat aldı ki, əlilliyimi bərpa etdirəcək. Pulları 2023-cü ilin iyun ayında vermişəm. Amma bu vaxta qədər nə pulumdan, nə də əlillik pensiyamdan xəbər yoxdur.
Məni bu yola əl atmağa məcbur edən bəzi qurumların qanunsuz əməlləridir. Çünki, hal-hazırda Azərbaycanda 30-40 faiz sağlam adamlar əlillik pensiyası alır. Mənim kimi xəstələr də çarəsiz qalıb”.
Məsələ ilə bağlı Şirinov Ramin Şahin oğlu ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.