Növbəti mənzil fırıldaqçılığı ilə üzləşən sakin redaksiyamıza müraciət etdi - VİDEO
Redaksiyamıza müraciət edən Andamova Sona adlı şikayətçi mənzil fırıldaqçılığı ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, 2021-ci ildə müqavilə əsasında Bakının Nərimanov rayonu M.Sənani küçəsində 110.92 kvm adı ilə əslində 93.4 kvm mənzil alıb və 160 min manat ödəyib:"Sonra başa düşdüm ki, mənzilin sahəsi 17.52 kvm azdır. Bunu MTK -ya bildirəndə mənimlə razılaşmadılar, müqavilədə divarları, boşluqları əsas gətirdilər. Ekspertiza təyin edildi. Ekspert rəyi mənzilin 17.52 kvm az olduğunu təsdiqlədi. Məhkəməyə müraciət etdim. Məhkəmədən əvvəl özüm alternativ ekspertə müraciət etdim. Ekspert rəyi mənzilin sahəsinin az olduğunu təsdiq etdi. Məhkəmə isə özü ekspert təyin etdi və onlar da mənzilin sahəsinin az olduğunu təsdiq etdi. Yəni bildirildi ki, mənzilin sahəsi alqı-satqı müqaviləsi ilə üst-üstə düşmür. Bu arada Nəsimi Rayon Məhkəməsində işə baxan hakim dəyişdirildi. Yeni hakim də yeni ekspert təyin etdi. Ancaq mən bu ekspertin nə vaxt gəldiyini, evə baxış keçirdiyini görmədim. Daha sonra BTE, qiymətləndirmə, yeni ekspert gəldi və mənzilin kvm-i ilə bağlı öz rəyini verdi. Beləliklə, iş bilərəkdən uzadıldı". İddiaçı bildirib ki, təyin edilən ekspert rəyinə baxmayaraq, problem həllini tapmayıb:"İndi də məhkəmə MTK -nın xeyrinə qərar verir, yəni bildirirlər ki, pəncərəaltı boşluqlar da mənzilin sahəsinə hesablanır. Harada görünüb ki, mənzilin sahəsinə bu boşluqlar hesablansın? Ədliyyə Nazirliyinə müraciət etmişəm, məhkəmə sədrinin yanında olmuşam. Ancaq heç nə dəyişməyib". İddiaçı işə ədalətli baxılmasını, ona dəyən ziyanın ödənilməsini və artıq alınmış məbləğin geri qaytarılmasını istəyir:"Mən bilsəydim ki, mənə 160 minə o sahədə mənzil satacaqlar, o evi almazdım. Ödədiyim pula başqa yerdə 110 kvm mənzil ala bilərdim".