Vətəndaşdan nazirə şikayət:Həm rüşvət aldılar, həm də cərimələdirlər
Vətəndaş Məlikov Vuqar Eldar oğlu üzləşdiyi problemlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Redaksiyamıza da təqdim olunan şikayət məktubunda bildirilir ki,18.05.2024 tarixdə saat təxminən 18:00 radələrində Ağ Şəhər ərazisində xidmət aparan 99 YP 481 dövlət nömrə nişanlı patrul avtomobili ona məxsus olan “Mercedes” markalı 10 JE 037 dövlət nömrə nişanlı avtomobili saxlayıb:
“Mənə məxsus avtomobili Bəyaz adlı dostum idarə edirdi. İnspektorları yaxınlaşıb sənədlərini yoxlamaq istəyərkən, Bəyaz idarəetmə hüququ olan sənədi, etibarnaməni təqdim edə bilmədiyinə görə Murad və İlkin adlı inspektorlar ondan 40 AZN rüşvət alıblar.
22. 05.2024 tarixində isə mənə “SMS radar” vasitəsi ilə 40 AZN cərimə bildirişi gəlib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra həmin inspektorlar barəsində keçmiş tarixə, yəni 18.05.2024- cü ilə dair protokol açılıb”.
Şikayətçi bildirib ki, bundan sonra İlkin və Murad adlı həmin şəxslərin yaxınları işlədiyi “Laçın” ticarət mərkəzinə gələrək şikayəti geri götürməyəcəyi təqdirdə problemlər yaşayacağı barədə özünü və ailəsini hədələyiblər:
“Cənab Nazir! Sizdən çox xahiş edirəm ki, bu işi nəzarətə götürüb qanunamüvafiq tədbirlər görülməsi barədə göstəriş verəsiniz”.