İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
Prezident İlham Əliyevin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə lazımi tədbirlər görülür. Sərəncamda əksini tapan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı məqsədyönlü işlər görülür.
VİDEO - BURADA...My Webpage
Lakin Qazax rayonunda həmin Sərəncamdan irəli gələn vəzifələrin uğurla icra olunması yolunda bürokratik əngəllər var. Belə ki, Qazaxda 300 kvadrat-metrlik sahəni əhatə edən kəsim məntəqəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional İdarəsinin rəisi tərəfindən bağlanılaraq onun əvəzində 80 kvadrat-metrlik yeni müəssisə ilə muqavilə imzalanmışdır. Bu qərar məgər inkişafa hesablanib? Əsla yox!
Bildirilir ki, kəsim məntəqəsinə yollanan qəssablar vəziyyətdən narazıdırlar. Dəfələrlə Qazax ət kəsimi məntəqəsində məhz şəraitsizlik və darısqallıq üstündə qəssablar və obyekt sahibi, eləcə də qida mütəxəssisləri arasında dava düşüb. Qəssablar bildirirlər ki, belə getsə, məntəqədə heyvan yox, insan insanı kəsib öldürəcək.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun bu kimi məsələləri dərhal yerində həll etdiyini eşitmişdik. Əvvəllər olurdu ki, icra başçısı AQTA Tovuz Regional bölməsinin rəisi, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Rayon Baytarlıq İdarəsinin müdiri ilə birlikdə məntəqəyə baxış keçirirdi. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə məntəqədə mövcud şəraitlə maraqlanırdı. Rayon rəhbəri ət kəsimi və satışı ilə məşğul olan sahibkarları Qazax Ət Kəsimi Məntəqəsinin fəaliyyətindən yararlanmağa çağırırdı, sahibkarlara vətəndaşların sağlamlığının qorunması sahəsində qida təhlükəsizliyi tələblərinə riayət etmələri ilə bağlı tapşırıq verirdi. Amma deyəsən icra basçısının əlaltıları bu dəfə problemin ona catmasına manecilik törədirlər. Yəqin, özlərinin maraqları var.
“Dəryaz” qəzeti redaksiyasına göndərilən video-görüntülərdən məlum olur ki, ağ xalatlı baytar həkim kəsimə gətirilmiş heyvanı diri halında deyil, başı kəsiləndən sonra “müayinə” edir, sonra da cəmdəyin qulağına plombir aləti ilə “sağlamlıq” möhürü vurur. Halbuki, heyvanların tam sağlam olduğuna əmin olduqdan sonra kəsiminə icazə verilməlidir. Heyvanın daxili orqanlarında problemlər aşkarlananda onların istifadəsinə icazə verilməməli, şübhəli məqam olduqda dərhal nümunələr götürülməli, orqanoliptik müayinə üçün laboratoriyaya göndərilməli, yekun cavab gözlənilməlidir.
Məntəqədə çoxlu miqdarda qan gölməçələrinin olması adi hala çevrilib. İşçi sahənin azalması yuxarıda qeyd etdiyimiz kimi, təkcə qəssablar arasında dava düşməsinə səbəb olmur, həm də antisanitariya tədbirlərini effektiv həyata keçirməyə mane olur.
Ümidvarıq ki, bu məqalədən sonra cənab Rəcəb Babaşov işdən hali olacaq. Qidamıza zəhər qatanların bu kimi çirkin oyunlarına rayon rəhbərinin icra başçısının son qoyacağına inanmaq istəyirik.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzini də “Qazax – Ət” ASC -yə dəvət edirik. Çünki göz önündə olan antisanitariyanın vəd etdiyi fəsadlara görə onlar da məsuliyyət daşıyacaqlar.