Azad Media Susdurula Bilməz!
Hər borclu dələduz deyil və ya dələduzluqla borc öhdəliyi arasında sərhəd
MÜSAHİBƏ

Hər borclu dələduz deyil və ya dələduzluqla borc öhdəliyi arasında sərhəd

Bakufakt.az informasiya agentliyi məlumat verir ki, son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.

Bununla yanaşı, dələduzluqla bağlı bir çox şikayətlərə ibtidai araşdırma mərhələsində şəxsin və ya şəxslərin əməlində dələduzluq cinayətinin tərkibi olmadığı qənaətinə gəlinir, hesab edilir ki, tərəflər arasında mülki münasibətlərdən, öhdəliyin icra edilməməsindən irəli gələn mülki mübahisə vardır və şikayətçilərə hüquqlarının mülki mühakimə qaydasında müdafiə etmələri tövsiyyə olunur.

Belə vəziyyətdə sual yaranır: bu kimi hallarda cinayət məsuliyyəti ilə mülki məsuliyyət arasındakı sərhəd haradadır?

Dələduzluqla mülki öhdəlik arasında sərhəd

Bu sərhədi müəyyən etmək üçün ilk növbədə dələduzluq cinayətinin əlamətlərinə və öhdəliyin hüquqi əsaslarına diqqət yetirilməlidir.

Dələduzluq cinayətinin əlamətləri

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir.

Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə.

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarına (Plenumun Qərarına) əsasən, etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə

həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.

Digər üsul olan aldatma – özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi (belə məlumatlar kimi, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər), yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsidir.

Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur.

Dələduzluğun törədilməsi zamanı zərərçəkmiş şəxs əmlakını aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində özü könüllü olaraq təqsirkara verir.

Bu əməl üzrə cinayət tərkibi yaranması üçün ələ keçirilən əmlakın və ya əldə edilən əmlak hüquqlarının dəyəri 500 manatdan çox olmalıdır (CM-ya edilmiş yeni dəyişikliklərə əsasən

Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur.

Öhdəlik münasibətlərinin hüquqi əsasları

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Öhdəliklər əsasən müqavilələrdən yaranır (maddə 386.1)

Mülki Məcəllənin 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Dələduzluqla mülki məsuliyyət arasında sərhədin əsas kriteriyası – əvvəlcədən yaranan niyyət

Plenumun qərarına əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Şəxs əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.

Həmin anda belə bir niyyət yoxdursa, burada cinayət məsuliyyəti deyil, öhdəliyi icra etməməyə görə mülki məsuliyyət yaranır.

Dələduzluq niyyətinin olmasına hansı hallar dəlalət edir?

Plenumun qərarına əsasən, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.

Əmlakın qaytarılmaması nə vaxt dələduzluq cinayəti sayılmır?

Əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, burada cinayət tərkibi yaranmır, kreditor və borclunun qarşılıqlı münasibətləri isə mülki qanunvericilik əsasında tənzimlənməlidir.

Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.

Geniş yayılmış dələduzluq halları

Təcrübədə bir sıra dələduzluq hallarına rast gəlinir, o cümlədən:

– Zərərçəkmiş şəxsdən borc (və ya kredit müəssisələrindən kredit) alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallar.

Hər hansı hüquq verən saxta sənədlərdən istifadə edilməklə və ya hüquq verən sənəd olmadan etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə mənzillərin, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər əmlakların satılması və maddi vəsaitlərin ələ keçirilməsi halları.

– Əqdin (müqavilənin) predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması halları.

– Şəxsin bank və ya digər kredit təşkilatı ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqaviləyə əsasən depozit hesabında saxlanılan, yaxud da borc müqaviləsinə əsasən başqa şəxsə verdiyi pul vəsaitini bankdan, kredit təşkilatından və ya borc alandan dələduzluq yolu ilə ələ keçirmə halları.

– Şəxsin başqasının adına rəsmiləşdirilmiş borc və ya kredit müqaviləsi əsasında alınmış pul vəsaitini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirdiyi halları.

– Saxta lotereya bileti əsasında uduş (pul, əmlak) əldə etmə halları.

– Sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətində olmayan şəxs tərəfindən yalnız özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək məqsədilə bank və digər kommersiya təşkilatını yaratma halları.

– Özgənin adına olan sənədlər (məsələn bankın əmanət kitabçası, təqaüdçü vəsiqəsi, adlı qiymətli kağızlar və s.) əsasında qanunsuz olaraq pensiyaların, müavinətlərin, banklara yerləşdirilmiş vəsaitlərin ələ keçirilməsi halları (o halda ki, təqsirkar bu zaman kredit təşkilatının əməkdaşını özünün həmin sənədlərin sahibi olmasına inandırmış olsun).

Hər hansı sosial ödənişlər və ya müavinətlər almaq hüququna malik olmayan şəxsin belə hüququnun olması haqqında müvafiq orqanlara yalan məlumatlar verərək həmin məlumatlar əsasında ödənişləri və ya müavinətləri alması halları.

– Şəxsin saxta ödəniş tapşırığı ilə banka və ya digər kredit təşkilatına müraciət edərək və ya həmin bankla (kredit təşkilatı ilə) şərtlərini yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlayaraq müəyyən məbləğdə pul vəsaitlərini nəğd şəkildə əldə etməsi, yaxud da həmin pul vəsaitlərinin özünün və ya başqa şəxslərin bank hesabına köçürülməsi halları.

– Təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törətməsi halları.

– Kirayə və ya icarə müqaviləsi üzrə götürülmüş əmlakın qaytarılmaması halları (o halda ki, təqsirləndirilən şəxs əvvəlcədən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakı əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətində olsun).

– Zərər çəkmiş şəxsə məxsus olan və dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə dələduzluğun törədilməsi halları və s.

Dələduzların qurbanına çevrilməmək üçün pul və əmlaklarınızla bağlı sövdələşmələr zamanı diqqətli olmağınız və peşəkar hüquqşünaslarla məsləhətləşməyiniz tövsiyyə olunur.

Vəkil Allahverən Oruclu

IRON MAX AZERBAIAN