Azad Media Susdurula Bilməz!
Qumar Həyatları Məhv Edir: Kazino Asılılığının Görünməyən Üzü
MÜSAHİBƏ

Qumar Həyatları Məhv Edir: Kazino Asılılığının Görünməyən Üzü

1. Mərc oyunları ilə ilk tanışlığınız necə oldu? Sizcə, sizi həmin ilk addımı atmağa nə vadar etdi?
Mərc oyunları ilə ilk tanışlığım ətrafımdakı bəzi dostların bu oyunları oynaması ilə başladı. Onlar az məbləğlə böyük qazanc əldə etdiklərini deyirdilər. Maraqlısı odur ki, həmin insanların əksəriyyəti borc içində idi. Eyni zamanda, sosial şəbəkələrdə qarşıma tez-tez şirnikləndirici vədlərlə reklamlar çıxırdı. Əslində, bu oyunların bir çox insanı müflis etdiyini bilirdim. Buna baxmayaraq, özümə “Bir dəfə oynayım, sonra bir də oynamaram” dedim.
İlk dəfə 210 manat mərc etdim. Təxminən 28 saat fasiləsiz, telefon əlimdə oynadım və nəticədə 51 min manat udum. Həmin an özümü qalib hesab edirdim. Sonradan anladım ki, bu, əslində mənim asılılığımın başlanğıcı imiş. Kazino ilk qələbə ilə məni özünə bağladı.
2. İlk böyük uduzduğunuz məbləği xatırlayırsınız? O an nə hiss etmişdiniz?
İlk böyük uduzduğum məbləğ elə qazandığım 51 min manat oldu. Həmin pulla avqust ayında Antalyaya iki həftəlik istirahətə getdim. Düşünürdüm ki, bundan sonra həmişə qazanacağam.
Antalyada hər gün əyləncə və kazino həyatımın bir hissəsinə çevrildi. Təxminən 35 min manat qazancımı “yenə udaram” düşüncəsi ilə yenidən oyuna yatırdım və hamısını itirdim. Hətta vəziyyət o həddə çatdı ki, evə qayıtmaq üçün Bakıya zəng edib pul göndərilməsini istəməli oldum. O gün başa düşdüm ki, mərc oyunlarında qazandığını düşündüyün pul əslində sənə aid olmur. O pul səni yenidən oyuna qaytarmaq üçün verilən bir yemdir.
3. Bu səbəbdən ailənizlə və ya yaxınlarınızla münasibətlərinizdə hansı dəyişikliklər yaşandı?
Ən ağır zərbəni ailəm aldı. Atamın üç oteli var idi. Mən isə “oynayaram, udaram və yerinə qoyaram” düşüncəsi ilə kassalardan pul götürməyə başladım. Sonradan otellərin dövriyyə və maya xərclərini də bu aludəçiliyə sərf etdim.
Borclar, yalanlar və davamlı stress ailəmizi sarsıtdı. Atam bu gərginlik nəticəsində infarkt keçirdi. Yaxınlarım isə mənim mərc asılılığımı öyrəndikdən sonra mənə olan etibarlarını itirdilər. Sonralar hansısa iş üçün kömək istəyəndə, artıq mənə güvənmədikləri üçün dəstək göstərmədilər. Mənim üçün ən ağır itkilərdən biri insanların etibarını itirmək oldu.
4. Mərcə görə ən çox nəyi itirdiyinizi düşünürsünüz: pulu, etibarı, yoxsa vaxtı?
Mən ilk növbədə sağlamlığımı itirdim. Ağır stress, psixoloji sarsıntılar və dərin depressiya yaşadım. Həyatımın elə bir mərhələsi oldu ki, ümidsizlik məni özümə qəsd etməyə qədər apardı və bunun nəticəsində 56 gün komada qaldım.
Bununla yanaşı, böyük pullar qazanmaq ümidi ilə həm pulumu, həm vaxtımı, həm də həyatımın ən gözəl illərini itirdim. Sonradan anladım ki, itirilmiş sağlamlığı, vaxtı və insan münasibətlərini heç bir pulla geri qaytarmaq mümkün deyil.
5. Geriyə qayıtmaq imkanınız olsaydı, özünüzə nə deyərdiniz?
Əgər geriyə qayıtmaq imkanım olsaydı, ilk dəfə mənə kazino oynamağı məsləhət görən adamdan elə həmin anda uzaqlaşardım və onunla əlaqəmi birdəfəlik kəsərdim.
Çünki bu aludəçilik bir oyundan başlamır. O, “bir dəfə yoxlayım”, “bir də oynayıb çıxaram” kimi düşüncələrlə başlayır və insanın həyatını yavaş-yavaş əlindən alır. Kaş ki, o gün özümə desəydim: “Qısa yolla gələn pulun sonu çox vaxt uzun peşmançılıq olur.”
6. Sizə kömək əlini ilk uzadan kim oldu?
Mənə kömək əlini ilk uzadan qardaşım oldu. O, Avropada yaşayırdı. Mən artıq ikinci dəfə intihar etməyi düşünəndə ona bir cümlə yazdım: “Rəşid, məni xilas elə. Gecikəcəksən, onda mən olmayacağam.”
Əslində, onu da çox aldatmış, dəfələrlə pul almışdım. Buna görə də əvvəlcə mənə yaxın durmaq istəmirdi. Amma yenə də son ümidini üzmədi. Gəldi, məni Estoniyanın paytaxtı Tallinə apardı və orada reabilitasiya keçməyimə kömək etdi.
Sağalma prosesində başa düşdüm ki, insan yalnız mühiti dəyişməklə də dəyişə bilir. Mən həyatımı yenidən qurmaq üçün mərc oynadığım dövrlərdə tanıdığım insanlarla bütün əlaqələrimi kəsdim və tamamilə yeni bir çevrə formalaşdırdım.
7. Əgər bu müsahibəni oxuyan 16-17 yaşlı bir gənc mərc oyunlarına yeni başlayırsa, ona bir cümlə ilə hansı xəbərdarlığı edərdiniz?
Gənclərə demək istəyirəm ki, mərc oyunları sizdən ilk növbədə pulunuzu deyil, arzularınızı, vaxtınızı və şəxsiyyətinizi oğurlayır. İtirdiyiniz zamanın peşmanlığını illərlə yaşamaq məcburiyyətində qalmamaq üçün bu aludəçiliyin qurbanına çevrilməyin.
Ölüb getmək həyatın bir gerçəyidir. Amma daha ağır olanı, mənəvi cəhətdən ölü kimi yaşamaq, gəncliyinizi, xəyallarınızı və gələcəyinizi öz əllərinizlə məhv etməkdir. Gənclik bir dəfə verilir. Onu ekran qarşısında uduzulan pullara deyil, təhsilə, ailəyə, dostlara, səyahətlərə, özünüzü inkişaf etdirməyə və xəyallarınızı həyata keçirməyə sərf edin.
Bir anlıq həyəcan üçün bütün həyatınızı riskə atmayın. Çünki kazino heç kimi zəngin etmir, sadəcə insanı özündən, sevdiklərindən və gələcəyindən uzaqlaşdırır.

“Bu müsahibəni verməkdə məqsədim özümü haqlı göstərmək deyil. Məqsədim mənim düşdüyüm uçuruma başqa gənclərin düşməməsi və ən azı bir insanın belə bu aludəçilikdən uzaq qalmasına səbəb olmaqdır.”

Bakufakt.az 

IRON MAX AZERBAIAN