
Bakufkat yazır: Məhəmməd haqqında yeni məlumatlar Məhəmmədin şər və böhtana məruz qaldığını göstərir.
Bu işdə əli olan hamının vicdanına tüpürsünlər. Oxuyun:
Məhəmmədin vəkili ilə danışdım. Faktlar yetərli deyil, amma bu maddə ilə ölkədə indiyə qədər verilən ən ağır cəzadır - 10 il.
Bu uşaq 6 yaşında ögey qardaşı tərəfindən uşaq evinə verilib. Uzun illər uşaq evində fiziki və psixoloji şiddətə məruz qalıb. Nəhayət, dözməyib, uşaq evindəki özbaşınalığı ictimailəşdirib.
Uşaq evinin direktoru Məhəmmədi dəli adlandırıb, yalan dediyini car çəkib. Uşaq bundan sonra Biləsuvardakı himayəçi ailəyə təhvil verilib. Uşaq evinin direktoru dəyişdirilib.
Yeni direktor Məhəmmədi yanına çağırıb, ona sosial kart veriləcəyini, bundan sonra müavinət ala biləcəyini bildirib. Sözünə əməl edib. Məhəmməd bunları götürüb Biləsuvardakı yeni ailəsinin yanına geri dönüb. Sonra direktor tərəfindən yenidən Bakıya çağırılıb - uşaq evindəki yoldaşı Ramal itib deyə onun dəstəyinə ehtiyac duyublarmış. Axtarışa dəstək məqsədilə Məhəmməd bir müddət uşaq evində qalıb. Gedəndən bir ay sonra isə 3 saylı uşaq evindən polisə şikayət gedib - Məhəmməd uşaq evinin 12 yaşlı sakinini (oğlan) zorlayıb. Bundan sonra Məhəmməd Kürdəxanıya gətirilib və 2024-cü ildən bəri uşaq orada cəza çəkir.
Bu ay hökm oxunub - 10 il. ON İL. Bu maddə ilə indiyə qədər cinayətkarlara ən çox 7.5 il verilib. Məhəmməd isə bütün yüngülləşdirici hallara, yaşadığı dəhşətli həyata baxmayaraq, 10 il cəza çəkməlidir.
İddia olunan cinayət törədildiyi vaxta aid kamera görüntüləri istintaqa təqdim olunmayıb. (adətən, kamera görüntüləri 1 aydan sonra silinir, şikayət də hadisədən 1 ay sonra edilib. Bəlkə də zamanlama təsadüf deyil.)
Zərərçəkənin heç bir ifadəsi əllə yazılmayıb. Çap edilib, uşaq imzalayıb. Ümumiyyətlə, ifadəalınma prosesi qaydalara uyğun aparılmayıb. Uşaqla uzunmüddətli reabilitasiya testləri keçirilməli, daha sonra ifadəsi alınmalı idi.
Məhəmmədin telefonundakı o dövrə aid bütün wp, zəng dataları silinib. Lakin vəkilin dediyinə görə, əldə olan anten məlumatlarına əsasən, iddia edilən cinayət törədildiyi vaxt Məhəmmədin telefonu başqa ərazinin şəbəkəsində olub.
Məhəmmədin 3 saylı uşaq evində sevdiyi qız olub. Bunu hamı bilib.
Məhəmmədin yaddaş problemi var. Tarixləri yadda saxlaya bilmir. Həmən tarixlərdə məhz nə etdiyini, harada olduğunu dəqiq deyə bilmir.
Uşaqların heç biri ilə lazımi qaydada psixoloji ekspertiza aparılmayıb.
Prosesdəki aşkar boşluqları görməmək mümkün deyil. Bu oğlan uşaqlığını yaşamayıb. Bu qərar qüvvədə qalsa, gəncliyini də yaşamayacaq. Bu oğlan anadan olandan mənəvi ö.ümə məhkumdur. Apelyasiya məhkəməsindən ədalətli, vicdanlı, dürüst qərar gözləyirik. Qoy bu uşaq dövlətdən də yetim qalmasın.