Qışda ailələri əlavə xərc gözləyir: 100 manat da lazım olacaq
Havaların soyuması ilə Azərbaycanda ailələrin kommunal xərcləri də artır. Xüsusilə istilik mövsümündə qaz və elektrik enerjisi sərfiyyatının yüksəlməsi ailə büdcəsinə əlavə yük yaradır. Bununla yanaşı, kombilərin texniki baxışı, radiatorların təmizlənməsi, mümkün təmir işləri və digər istiliklə bağlı xərclər də ortaya çıxır.
Bəs qış mövsümündə bir ailənin kommunal və əlavə istilik xərcləri nə qədər artır? Qaz, işıq, kombi təmizliyi və digər xidmətlər nəzərə alındıqda, vətəndaşlar qışa hazırlaşmaq üçün nə qədər vəsait ayırmalıdırlar?
"Bakufakt" xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova qış mövsümündə komunal, xüsusilə istilik xərclərinin artdığını vurğulayıb.
Onun sözlərinə görə, məbləğin ailə büdcəsinə nə qədər maliyə yükü yaratması isə şəxsin istifadəsindən asılı olaraq dəyişir:
"Şəxsin qazdan istifadə həcmi əsasən istehlak səviyyəsindən, mənzilin istilik saxlama qabiliyyətindən, hava şəraitindən və digər amillərdən asılı olaraq dəyişir. Məsələn, çoxmənzilli binalarda mənzillər nisbətən az qaz sərfiyyatı ilə rahat şəkildə isinə bildiyi halda, həyət evlərində, xüsusilə də birqat daşdan tikilmiş və istilik izolyasiyası olmayan evlərdə daha çox qaz sərf olunur. Bu isə bəzi hallarda müəyyən edilmiş istehlak limitinin keçilməsinə və nəticədə daha yüksək tariflə ödəniş edilməsinə səbəb olur.
Qış aylarında belə evlərdə yalnız qaz üçün ödənilən aylıq məbləğ minimum 90-100 manat civarında ola bilir. Bunun üzərinə elektrik enerjisi, kombinin texniki baxışı və təmizlənməsi, istilik sisteminin yoxlanılması, eləcə də digər xidmət xərcləri əlavə olunur. Beləliklə, vətəndaşlar qış mövsümünə hazırlaşmaq üçün əvvəlcədən əlavə maliyyə vəsaiti ayırmalı olurlar. Bu hazırlıq xərcləri ilkin mərhələdə təxminən 50-100 manat təşkil edə bilər.
Digər tərəfdən, istilik xərclərinin məbləği mənzilin sahəsindən, otaqların sayından, kombinin texniki vəziyyətindən, istifadə olunan avadanlıqların keyfiyyətindən və evin istilik izolyasiyasından da ciddi şəkildə asılıdır. Xüsusilə köhnə tikililərdə və istilik izolyasiyası zəif olan həyət evlərində istiliyin qorunması çətinləşdiyindən daha çox enerji sərfiyyatına ehtiyac yaranır. Nəticədə qış aylarında kommunal ödənişlər ailə büdcəsinə əlavə yük gətirir".

