Elektron qolbaq daşıyan məhkum oğurluq etdi - FOTO
Bakufakt.az xəbər verir ki, İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq edilib.
Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus evlərdən ümumi dəyəri 7 000 manatdan artıq olan müxtəlif məişət əşyaları, elektrik kabelləri, su qızdırıcları və təmir-tikinti alətlərinin oğurlandığını bildiriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən rayon sakinləri - Rəsul Bəbirov və 2020-ci ildə törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Samir Əsədli tutulub.
Onlar əməllərini etiraf edib və oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə rayon ərazisində ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.