Beyləqanda avtomobildən çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var - FOTO
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakinləri Süleyman Nağıyev və qardaşı Əli saxlanılıblar. Onların idarəsində olan avtomobilə baxış keçirilən zaman 173 ədəd çətənə ştili aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxslərin Beyləqan rayonunun ərazisinə gələrək meşə zolağında çətənə ştillərini əkib-becərməyə çalışdıqları müəyyən edilib.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.