Azad Media Susdurula Bilməz!
Gizlətdikcə yayılan bəla: “8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər” - TƏHLİL
KRİMİNAL

Gizlətdikcə yayılan bəla: “8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər” - TƏHLİL

Biz hər şeyi ailənin üstünə atırıq. Ailə bacarmırsa, bu məsələni özbaşına buraxmaq olmaz. Kostyum geyinib, qalstuk taxıb videolar təqdim etməklə də bunun qarşısını ala bilmərik. Yeniyetmələrlə ayrı-ayrılıqda öz dillərində söhbət edilməlidir.

 

“8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər. Bəzən məktəblərin tualetlərində narkotik vasitələrin tapıldığını inkar edirlər. “Əvvəllər var idi, indi yoxdur” deyirlər. Biz ört-basdır etməklə məşğuluq. Amma gizlətməklə heç nəyə nail ola bilmərik. Gizlətdikcə bu bəla hamımıza təsir edəcək. Bilmək olmaz gələcəkdə kimin qapısını döyəcək. Bununla hamılıqla mübarizə aparmalıyıq”.

Bu fikirlər millət vəkili Fazil Mustafaya aiddir. Təkcə deputatın fikirləri deyil, ötəni ilin statistikası da “ağ ölüm”ün artıq azyaşlılara, yeniyetmələrə sirayət etməsini sübut edir.

Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Azərbaycanda narkotik istifadəçilərinin sayının artdığını vurğulayıb: “2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib”.

Statistikaya nəzər salsaq, görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Bakı Şəhər Narkoloji Mərkəzinin (BŞNM) direktoru Qalib Məmmədov “Kaspi”yə açıqlamasında bildirib ki, məktəblərdə narkotikdən istifadə halları, nadir də olsa, mövcuddur. 14-16 yaşlı yeniyetmələr arasında il ərzində BŞNM-nə 20-30 müraciət qeydə alınıb və bunlar, əsasən, oğlanlardır: “Konsultasiya üçün valideynlər azyaşlılarla birgə və ya yeniyetmələr özü müraciət edirlər. Valideynlər yeniyetmədə davranışın dəyişdiyini və şübhələndiklərini bildirirlər. Təəssüfedici məqam odur ki, valideynlərin əksəriyyəti bu halları gizlədir, həkimə müraciət etmirlər. Çünki narkotik maddələr və onların törətdiyi fəsadlar haqda məlumatsızdırlar.

IRON MAX AZERBAIAN