Azad Media Susdurula Bilməz!
Sevgilisinin vəhşiliklərinə dözən azərbaycanlı qadın: “Çünki o mənim ərim idi”
KRİMİNAL

Sevgilisinin vəhşiliklərinə dözən azərbaycanlı qadın: “Çünki o mənim ərim idi”

Bakıda sevgilisini qısqanclıq zəmnində döyərək girov götürən, həyətindəki yarımtikilidə saxlayan şəxsə hökm oxunub.

Məlumata görə, hadisə ötən ilin yayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Belə ki, Murad Məmmədov (soyad şərtidir) qeyri-rəsmi münasibətdə olduğu Minəxanım Hüseynovanı (soyad şərtidir) 13 gün həyətindəki yarımtikilidə saxlayaraq dəfələrlə döyüb, sağlamlığına ağır xəsarət yetirib.

Hadisə ilə bağlı açılan cinayət işinə Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən 28 yaşlı Murad Məmmədov bildirib ki, Minəxanımı girov götürməyib. O, öz istəyi ilə gəlib:

“Minəxanımın ailəsi ondan imtina etmişdi. Mən onunla tanış olanda mərhəmət edib kirayə ev tutdum. Bundan sonra birlikdə yaşamağa başladıq. Bir müddət sonra o, evə gəlməyə başladı. Tüfeyli həyat tərzi keçirirdi. Bir müddət sonra onu yenidən gördüm və Minəxanımı evimizin həyətindəki yarımtikilidə qalması üçün gətirdim. Aramızda qısqanclıq zəminində mübahisə düşdüyü üçün onu döymüşəm. Amma onun əl-ayağını bağlamamışam. Minəxanım üçün həmin yarımtikiliyə tez-tez yemək-içmək də aparmışam. 13 gün sonra polislər gələrək bizi şöbəyə aparıb”.

Hadisə zamanı xəsarət alan Minəxanım Hüseynova ifadəsində deyib ki, yaşamağa yeri olmadığına görə, Muradın evinə gələrək onunla qalmaq istəyib:

“Biz təxminən 1 il 6 ay idi ki, tanış olmuşduq. Birlikdə kirayədə yaşayırdıq. Daha sonra o evlərinə getdi. Mənim də daimi qalacaq yerim olmadığına görə, onun həyətindəki yarımtikilidə qalmaq istədim. Murad məni çox qısqanırdı. Hətta ailə üzvlərinə belə. Dəfələrlə buna görə məni həyətdə döymüşdü. Amma əl-ayağımı bağlamayıb. Mənə yemək də verib. O hər dəfə məni döyəndə ona yalvarsam da, buna məhəl qoymurdu. Məni o qədər döymüşdü ki, qabırğalarım sınmışdı. Axırıncı dəfə məni döyəndə ona dedim ki, artıq ağrıya dözə bilmirəm. O isə işinə davam etdi. Mənim barmaqlarımı da sındırdı. Başıma elə zərbə vurdu ki, üç tikiş düşdü. Mən onun sözündən çıxmadım. Həmin evdən gedə biləcəyim halda da heç yerə getmədim. Çünki o mənim ərim idi. Bizim qəsəbədə qadının ərindən ayrılması xoş qarşılanmırdı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Murad Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

IRON MAX AZERBAIAN