Azad Media Susdurula Bilməz!
Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir
KRİMİNAL

Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir

"Bakufakt" xəbər verir ki, Dubayda avtomobil alqı-satqısı ilə məşğul olduğu bildirilən Murad Həsənov və onun atası Qurban Həsənovla bağlı iranlı iş adamının irəli sürdüyü iddialar ciddi müzakirələrə səbəb olub.

İranlı iş adamının iddiasına görə, avtomobil alqı-satqısı məqsədilə Murad Həsənova etibar etdiyi və nəticədə ümumilikdə 600 min ABŞ dolları və 6 ədəd lüks avtomobilin taleyindən xəbərsiz qaldığı bildirilir.

İş adamının sözlərinə görə, əməkdaşlığın ilk mərhələsində Murad Həsənov müxtəlif avtomobillər alaraq ona göndərib. Bu prosesdən sonra tərəflər arasında etimad yaranıb və daha böyük məbləğlərdə avtomobil alqı-satqısı həyata keçirilməyə başlanılıb.

Pul göndərildi, əlaqə kəsildi

Şikayətçinin bildirdiyinə görə, 5 iyulda növbəti avtomobillərin alınması üçün Murad Həsənova pul göndərilib. Bundan sonra Murad Həsənovun vəsaiti qəbul etmək üçün getdiyini bildirdiyi, daha sonra isə telefonlarının söndürüldüyü və onunla əlaqənin kəsildiyi iddia olunur.

Vəziyyətdən narahat olan iranlı iş adamı Murad Həsənovun atası Qurban Həsənovla əlaqə saxlayıb.

İş adamının iddiasına görə, Qurban Həsənov ona oğlunun Dubay polisi tərəfindən saxlanıldığını deyib. Bundan sonra isə Murad Həsənovun vəkil məsələsinin həlli üçün iş adamından əlavə 11 min ABŞ dolları alındığı bildirilir.

Lakin hadisələrin sonrakı gedişində bu məlumatlarla bağlı yeni suallar ortaya çıxıb.

“Dubayda həbsdədir” deyilən Murad Bakıda olub?

İranlı iş adamının sözlərinə görə, verilən məlumatlardan şübhələndikdən sonra məsələni özü araşdırmağa başlayıb.

Onun iddiasına əsasən, araşdırma zamanı Murad Həsənovun həmin vaxt Dubayda həbsdə olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığı barədə məlumat əldə edilib. Şikayətçi Murad Həsənovun guya həbsdə olduğu müddətdə Bakıda olduğunu iddia edir.

Bundan başqa, həmin müddətdə onun müxtəlif məclislərdə və əyləncə xarakterli tədbirlərdə iştirak etdiyi barədə də məlumatların əldə edildiyi bildirilir.

Əgər bu məlumatlar təsdiqlənərsə, Murad Həsənovun Dubayda həbsdə olması barədə verilən məlumatla həmin vaxt Bakıda olması arasında ciddi ziddiyyət yaranır.

600 min dollar və 6 avtomobilin taleyi necə olub?

İş adamının iddiasına görə, o, Qurban Həsənovdan Murad Həsənovun qəbul etdiyi vəsait və avtomobillərlə bağlı açıqlama istəyib.

Qurban Həsənovun isə “pulda, mal-mülkdə gözüm yoxdur” məzmununda fikir bildirdiyi iddia olunur.

Lakin əsas sual dəyişmir:

600 min ABŞ dolları haradadır?

6 lüks avtomobilin hazırkı taleyi necədir?

Şikayətçinin təqdim etdiyi məlumatlara əsasən, avtomobillərin bir qisminin Azərbaycana gətirildiyi və müxtəlif şəxslərin adına rəsmiləşdirildiyi iddia olunur.

Məlumatlarda Qasımzadə Vilayət, Məmmədova Rəna və digər şəxslərin adları çəkilir.

Eyni zamanda Murad Həsənovun həmin vəsaitlər hesabına Bakıda villa aldığı və müxtəlif markalı lüks avtomobillərdən ibarət kolleksiya yaratdığı da iddia edilir.

Söhbət Range Rover, BMW, Mercedes, Hyundai, Kia, Toyota və digər markalardan gedir.

Bu iddiaların hüquqi baxımdan araşdırılması zamanı pul köçürmələrinin, avtomobillərin alqı-satqı və rəsmiləşdirmə sənədlərinin, eləcə də əmlakların kimlərin adına keçirilməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Xarici iş adamının pul iddiası araşdırılmalıdır

Hadisənin diqqət çəkən məqamlarından biri də şikayətçinin İran vətəndaşı olmasıdır.

Xarici iş adamının Azərbaycanda yüz minlərlə dollar və bir neçə lüks avtomobillə bağlı ciddi iddialar səsləndirməsi məsələnin bütün detalları ilə araşdırılmasını zəruri edir.

Əgər ortada sadəcə kommersiya mübahisəsi varsa, bunun hüquqi müstəvidə həlli mümkündür. Yox, əgər araşdırma nəticəsində dələduzluq, mənimsəmə və ya digər qanun pozuntuları müəyyən edilərsə, həmin faktlara hüquqi qiymət verilməlidir.

Hazırda diqqət mərkəzində olan əsas məsələlər isə 600 min dolların və 6 avtomobilin taleyi, 11 min dolların hansı məqsədlə alınması və avtomobillərin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlıdır.

IRON MAX AZERBAIAN