Azad Media Susdurula Bilməz!
Bakıda qətl, Daşkəsəndə zorakılıq iddiası – prokurorluq cinayət işləri başlatdı
KRİMİNAL

Bakıda qətl, Daşkəsəndə zorakılıq iddiası – prokurorluq cinayət işləri başlatdı

Azərbaycanda baş verən ağır cinayət faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Baş Prokurorluq həm bölgədə baş vermiş zorakılıq iddiası, həm də paytaxtda törədilmiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir

Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakufakt.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

IRON MAX AZERBAIAN