Yeddi övladının anası olan qadını döyərək KOMAYA SALDI - TƏFƏRRÜAT
Beyləqanda 81 yaşlı arvadını çəliklə döyərək komaya salan 1940-ci il təvəllüdlü Nuru Həsənov məhkəmə qarşısına çıxarılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nuru Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, əri tərəfindən döyülən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti artıq stabilləşir.
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun verdiyi məlumata görə, yaşlı qadın koma vəziyyətindən çıxıb. Hazırda müalicəsi davam edir.
Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olublar. Ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri bildiriblər ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə onun öz çəliyi ilə döyüb.
Rəsmi məlumata görə, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.