
Jurnalist Mikayıl Müşfiq küçəsində bıçaqlı şəxslərin hücumundan son anda xilas oldu – DİN-ə müraciət etdi
Bakıda jurnalist kimi fəaliyyət göstərən Asim Abdullayev gecə saatlarında təhlükəli bir hadisə ilə üzləşib. Hadisə 20 may 2024-cü il tarixində, təxminən saat 02:50 radələrində, paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 14 ünvanında, Nərimanov heykəlinə yaxın ərazidə baş verib. Xüsusi.Tv xəbər portalının baş redaktoru baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Asim Abdullayevin sözlərinə görə, işindən evə qayıdarkən bir neçə şübhəli şəxs tərəfindən saxlanılıb. Onlar ondan telefon tələb ediblər. Tanımadığı adamlara telefon verməkdən imtina etdikdə, onlardan biri cibindən bıçaq çıxararaq ona qarşı hədə-qorxuya başlayıb.
“Simaca normal görünmürdülər. Avara, küçə həyatı yaşayan və narkotik maddənin təsiri altında olan şəxslərə bənzəyirdilər. Biri bıçaq çıxardı və hədələməyə başladı. Özümü qorumaq üçün onlara dedim ki, yaxınlıqda dostum var, onun telefonu ilə danışa bilərik. Məqsədim təhlükəli vəziyyətdən uzaqlaşıb müşahidə kameralarının olduğu bir yerə getmək idi,” – deyə jurnalist bildirib.
Jurnalist bu şəxsləri yaxınlıqda yerləşən "Ruzi Market" adlı mağazaya aparıb. O, mağazanın təhlükəsizlik kameralarının vasitəsilə bu şəxslərin simalarının qeydə alınmasına nail olmaq istəyib. Təxminən 30 dəqiqə mağazada gözləyən jurnalist, həmin şəxslərin dəfələrlə içəri daxil olub onu çölə çağırmağa çalışdıqlarını deyir.
“Çox həyacanlandım. Onların bıçaqla mənə və ətrafdakılara zərər verə biləcəyindən qorxdum. Bəhanə ilə çölə çıxmadım. Açıq şəkildə özlərində deyildilər və psixotrop maddələrin təsiri altında idilər. Market sahibindən xahiş etdim ki, məni evimə qədər müşayiət etsin. Sağ olsun, razılaşdı və qapıya qədər mənimlə gəldi. Lakin binaya yaxınlaşdıqda gördüm ki, həmin şəxslər hələ də orada dayanmışdılar,” – deyə Asim Abdullayev qeyd edib.
Jurnalist qeyd edir ki, həmin şəxslərin bu ərazidə əvvəllər də oxşar davranışlar sərgilədikləri, hətta bıçaqlama hadisələrinə qarışdıqları haqda məlumatlar alıb.
“Mikayıl Müşfiq küçəsi 14 ünvanında, Nərimanov heykəlinə yaxın ərazidə çox sayda sakin və azyaşlı uşaqlar yaşayır. Bu cür təhlükəli şəxslərin açıq şəkildə küçələrdə dolaşması hər an yeni bir faciəyə səbəb ola bilər,” – deyə o bildirib.
Asim Abdullayev bu hadisədən sonra Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edərək, bu şəxslərlə bağlı dərhal tədbir görülməsini, həmin şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmasını və ərazidə çevik polis post-patrul xidmətinin gücləndirilməsini xahiş edib.
“Əgər bu şəxslərə qarşı tədbir görülməzsə, təhlükəsizlik baxımından yaşadığım ünvanı dəyişmək məcburiyyətində qalacam. Lakin bu həm işim, həm də maddi durumum üçün çətinlik yaradacaq,” – deyə jurnalist sonda vurğulayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən hadisənin nəzarətə götürüldüyü, kameralar vasitəsilə cinayətkarların axtarışına başlanıldığı barədə məlumat verilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən hadisənin nəzarətə götürüldüyü, kameralar vasitəsilə cinayətkarların axtarışına başlanıldığı barədə məlumat verilib.