
“Trendyol”dan toxum sifariş verib çətənə əkdilər- Fındıq oğurluğuna görə tutuldular
Qəbələ rayonunun Qaradeyin kəndində torpaq sahəsində çətənə yetişdirən 17 yaşlı şəxs və 15 yaşı olan iki dostu polis tərəfindən saxlanılıb. Onlar başqa bir bağdan fındıq yığdıqları üçün polis əməkdaşları tərəfindən saxlanılıblar və araşdırma zamanı onların narkotik becərdikləri müəyyən edilib.
xeberde.az xəbər verir ki, hadisəyə görə 17 yaşı tamam olub, lakin yetkinlik yaşına çatmayan şəxs məsuliyyətə cəlb edilib.
Yetkinlik yaşına və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan 15 yaşlı iki dostu isə işdə şahid kimi tanınıb.
İstintaqla müəyyən edilib ki, onlar birlikdə istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkərək 51 ədəd çətənə kolu yetişdiriblər.
Dostlar evdən çayda çimmək adı ilə çıxaraq sahibi olan, lakin əkin olmayan torpaq sahəsində narkotik bitki becəriblər. Hadisə yerinə də 17 yaşlı gəncin atasına məxsus motosikletlə gediblər. Çətənə kollarının dibinə peyin veriblər, gündəlik qulluq ediblər.
Onların saxlanılmasının maraqlı səbəbi var. Belə ki, dostlar əkin sahəsindən geri dönən zaman fındıq bağlarından birindən fındıq yığıblar. Məqsəd fındığı satıb motosikletə benzin almaq olub. İkinci dəfə həmin bağdan fındıq yığmaq istəyən zaman bağ sahibi olan xanım onları görüb və polisə məlumat verib.
Müəyyən edilib ki, çətənə bitkisinin toxumlarını 15 yaşı olan dostlardan biri “Trendyol”dan sifariş edibmiş.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən 17 yaşlı şəxs özünü narkotik yetişdirmədə təqsirli bilməyib. Narkotik vasitə istifadə etsələr də narkotik yetişdirmədiklərini deyiblər.
Məhkəmə 17 yaşlı şəxsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri kultivasiya etməkdə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.