“Iamzerv Academy”dən şikayət var: Pulu yığıb, dərs keçməyən “müəllim” kimdir?
Bakıda günbəgün artan dil kurslarından şikayətlər də artır. Redaksiyamıza müraciət edən Günel və Aygün Nəbiyeva da belə kurslardan birindən şikayətçidirlər. Onların sözlərinə görə, ofisi “Aff Mall”-ın 3-cü mərtəbəsində yerləşən “Iamzerv Academy” kursu ingilis dilinin tədrisi üçün onlardan pul alıb. Ancaq bu müddət ərzində nə dil tədris olunur, nə də alınan vəsait geri qaytarılır:
“Müəllim qismində Azər İsmayılov sentyabr və oktyabr ayından pul yığma kampaniyasına başlayıb. “İnstagram” sosial şəbəkəsində reklam edərək əvvəl 150, sonra 100, indi isə 50 AZN vəsait yığır. Amma ödəniş aldıqdan sonra dərs keçmir və müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmır”.
Şikayətçi bildirib ki, o, kurs keçmək adı ilə pul yığdığı
şəxslərə noyabrda tədrisin başlayacağını deyib:”Ancaq artıq yanvar ayının bitməsinə az qalıb, o isə nə dərs keçib, nə də pulu geri qaytarıb. Pulun geri qaytarılmasını istədikdə “bu gün-sabah” deyib məsələni uzadır. Son dəfə guya mühasibatlıqla danışdığını və pulun qaytarılacağını deyib. Ancaq məlumdur ki, bu yolla vaxt qazanmaq istəyir. Gah evdə müalicə aldığını, gah kardioloji əməliyyat keçirdiyini, gah “online” qaydada dərslərə davam etdiyini deyir. Amma bunlar hamısı bəhanələrdir və güman ki, aldadılan və vəsaiti mənimsənilən təkcə biz deyilik”.
Kursa ödənilən vəsaitin qarşı tərəfin bank kartına göndəridliyini deyən və sübutları təqdim edən şikayətçi bildirib ki, dəfələrlə ona etdiyi müraciətə cavab almayıb: “Son dəfə gedəndə kursda özü ilə görüşə bilmədik, qardaşı olduğunu deyən şəxslə danışdıq. Ancaq bir nəticə olmadı. İndi də hədə- qorxu gəlir ki, əgər şikayət etsək, bizi cəzalandıracaq. Halbuki əlimizdə pulun onun bank kartına göndərildiyini sübut edən sənədlər var”.
Redaksiyamza daxil olan məlumata görə, ingilis dilinin tədrisi adı altında aldadılaraq pulu mənimsənilən şikatəyçilərin sayı çoxdur və onlar tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət hazırlayırlar.