Fırıldaqçılıq edən şəxs ziyanı ödəmədən sərbəst buraxılıb
Bakıda maşın “alqı-satqısı” edən fırıldaqçıların peyda olması barədə hələ avqust ayında məlumat vermişdik. Bildirmişdik ki, onlar avtomobil alqı-satqısı ilə ixtisaslaşan saytlardan elanları götürərək nəqliyyat vasitəsinin sahibini aldadırlar. Belə dələduzluqla üzləşənlərdən biri - Mehrəliyev Eltun Aqil oğlu redaksiyamıza müraciət edərək fırıldaqçıların ona da külli miqdarda maddi ziyan vurduğunu demişdi. İndi isə məlum olub ki, çoxsaylı vətəndaş şikayətindən sonra dəstə üzvləri saxlanılsa da, sonradan məhkəmə tərəfindən sərbəst buraxılıblar. Bir qrup şikayətçi isə hələ də onlara dəymiş ziyanın ödənilməsini gözləyir.
Onlardan biri olan Eltun Mehrəliyevin sözlərinə görə, özünü lizinq şirkətinin sahibi kimi təqdim edən Dadaşzada Səid Dadaş oğlu onun satışa qoyduğu 01CL736 dövlət nömrə nişanlı avtomobilini 20 min manat nağd, 7500 manatı isə 10 gün ərzində ödəmək şərtilə alıb: “Maşını almaq üçün müraciət edənlərdən biri Məmmədli Bağır Qurbanəli oğlu, digər isə özünü onun oğlu kimi təqdim edən şəxs idi. Ancaq ola bilsin ki, ata-oğul olmaları barədə dedikləri də yalandır. Maşın martın 9-da satılıb, ancaq alıcı maşının qalan pulunu ödəməyib. Verilən möhlət bitəndə 1 ay əlavə vaxt istəyib, ancaq həmin müddətdə də pulun qalanını verməyib və satıcının tələbini yerinə yetirməyib, yəni maşını geri qaytarmayıb”.
Şikayətçi 102 xidmətinə, daha sonra isə aidiyyəti üzrə 6-cı polis bölməsinə ərizə ilə müraciət edib. Ancaq qarşı tərəf həmin dövrdə polisin çağırışına da məhəl qoymayıb.
“Üstəlik mənim özümü ittiham edəcəyini, barəmdə məlumatların sosial şəbəkələrdə paylaşılacağını, təzminat alacağını deyir və hətta şantaja da əl atmağa cəhd edirdi. Bu yolla məni öz haqqımdan geri çəkiməyə vadar edəcəyini güman edirdi. Halbuki əlimdə alqı-satqı, ödənişlə bağlı bütün vədlərini göstərən yazışmalar var. Fırıldaqçılıq yolu ilə mənə məxsus olan əmlaka yiyələnib, üstəlik də məni hədəlıyirdi". Bu müraciət və digər şikayətlərdən sonra həmin şəxslər saxlanılıblar. Lakin bir müddət sonra sərbəst buraxılıblar:"Mənə verilən məlumata görə, onlar notarial qaydada bəzi şikayətçilərin pulunu geri qaytarıblar. Ancaq mənə dəyən ziyan ödınilməyib və şikayətimi də geri götürməmişəm. Amma nədənsə mən məhkəmədə zərərçəkmiş kimi tanınmamışam. Mənimlə yanaşı bu vəziyyətdə olan digər şəxslər də var. Buna görə də yenidən Abşeron rayon Polis İdarəsinə şikayət edərək ərizə yazmışam. Artıq 3 dəfə şikayət ərizəsi vermişəm. Saxlanılmadan əvvəl və saxlanıldığı müddətdə şikayətçi olmuşam. Amma nədənsə onu sərbəst buraxanda mənim şikayətim nəzərə alınmayıb, mənə dəyən ziyan ödənilməyib". Şikayətçi bildirib ki, artıq 1 aydır ki, toplanmış materiallar əsasında şəxs barəsində axtarış elan edilib:"Amma hələ də onu tapa bilmirlər. Maraqlıdır, niyə şəxs bütün ziyanı ödəmədiyi halda məhkəmə tərəfindən sərbəst buraxılır?" Şikayətçi ümid etdiyiiəni bildirib ki, dəfələrlə bu kimi dələduzluq yolu ilə vətəndaşların etibarından istifadə edib külli miqdarda ziyan vuran Dadaşzada Səid Dadaş oğlu barəsində ölçü götürüləcək.