Sosial şəbəkədə tanış olduğu qadın kişi çıxdı, bıçaqlı basqın edildi – iş Ali Məhkəmədə
Bakıda quldurluqda təqsirləndirilən Xəyal Cəbiyev və Mirağa Şahbazovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Ali Məhkəmədə keçiriləcək proses iyulun 18-nə təyin edilib.
Şikayət hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Xəyal Cəbiyev “Odnoklassniki.ru” saytında “Seva” adı ilə qeydiyyatdan keçib, həmin vaxt saytda onlayn olan M.Quliyevə özünü qadın kimi təqdim edib. Daha sonra isə güzgü qarşısında dayanmış yarımçılpaq vəziyyətdə şəxsiyyəti istintaqa məlum olmayan qadın şəkillərini öz şəkilləri adı ilə ona göndərib, intim əlaqədə olması üçün 100 manata razılaşıb. 2022-ci il yanvarın 27-də gecə yarısından səhərə qədər onunla uzun müddət yazışdıqdan sonra kirayə yaşadığı evə dəvət edib. M.Quliyev həmin ünvana gəlib. Evə girəndən sonra qarşısını kəsərək ona basqın ediblər, bıçaqla hədələyib, üstündəki pulları verməyi tələb ediblər. Onun üzərindəki 703 manatı zorla əlindən alıblar.
Zərərçəkmiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat verib. O, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayəti olmadığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Xəyal Cəbiyev 9 il 6 ay, Mirağa Şahbazov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.