Kirayədə qaldığı bağ evinin əşyalarını satdı, elektron qolbaq taxıldı
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Ramazan Səfərzadənin (şərti) barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Ramazan Səfərzadə 2022-ci ilin oktyabr ayında zərərçəkmiş Kərim Dadaşovla (şərti) tanış olub. O, zərərçəkmişə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində aylıq 100 manat müqabilində kirayə qalmaqla əlaqədar aralarında şifahi razılaşma bağlanılıb. Sonra Ramazan həmin bağ evində olan ümumi dəyəri 2120 manatlıq əşyaları tanımadığı şəxsə məxsus “Qazel” markalı avtomobilə yükləyib Sabunçu rayonu ərazisində mövcud olan “Rus” bazarı adlanan yerdə satıb.
Hadisədən sonra Ramazan Səfərzadə cinayət məsuliyyətinə cəlb edilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə təmin etməyib. Daha sonra Kərim Dadaşov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.