Dostunu “girov” götürdü, qul kimi işlətdi:Bakıda dəhşətli cinayət
2022-ci il mayın 6-da Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektindəki evində 1986-cı il təvəllüdlü Şamil Əliyevin meyiti tapılır. Meyit tapılarkən üzərində bıçaq xəsarətləri və çürümə də müəyyən edilib.
Məlumat əsasında, polis və prokurorluq əməkdaşları, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünüb ki, Şamil Əliyev əvvəllər soyğunçuluq, quldurluq və dələduzluq əməllərinə görə 3 dəfə məhkum olunub.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Emil Ağayev mayın 16-da İmişli rayonunda saxlanılaraq, Bakıya gətirilib.
İstintaqla müəyyən edilib ki, aprel ayında Şamil Əliyev tanışı Emil Ağayevə yaşadığı mənzili satmazdan öncə təmizlik işlərinin görülməsində ona köməklik göstərməsini, eyni zamanda gəlib onunla birlikdə qalmasını xahiş edib.
Emil hadisə baş verən günədək, könüllü dostunun evində qalaraq, təmizliyə kömək edib. Həmçinin Şamil Əliyevin göstərişləri əsasında mağazalardan ərzaq məhsulları, siqaret və sair mallar alıb, yemək bişirib, qabları yuyub. Bir müddətdən sonra Şamilin, ona qulluqçu kimi yanaşmasından, paltarlarını yuduzdurmasından, mənzilə gələn tanışlarının yanında şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsindən, hətta ona əl qaldırmasından bezərək, ayın 23-ü gecə saat 2 radələrində mənzildən xəbərsiz çıxıb getmək istəyib. Qapının qıfılının açılmasını eşidib, icazəsiz evdən çıxmağa hazırlaşdığına görə Şamil Əliyev onu söyüb. Aralarında baş verən mübahisə zamanı, Emil Ağayev bıçaqla Şamilin bədəninin müxtəlif nahiyələrinə 6 dəfə zərbə endirib. Nəticədə Ş. Əliyev ölüb.
Emil Ağayev bildirib ki, Ukrayna Respublikasının Xarkov şəhərində ali təhsil alıb. Əvvəllər hərbçi olub, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunub:
“2022-ci ilin aprel ayında məhəllədə yaşayan Ceyhun adlı şəxsin vasitəsi ilə Şamil Əliyevlə tanış olmuşam. Söhbət əsnasında, Şamil şəhərdə olan evini satmaq istədiyini, amma satışa çıxarmazdan əvvəl mənzili təmizləmək lazım olduğunu bildirdi. Ceyhun köməkli göstərməkdən imtina etdi. Bu səbəbdən Şamil evi təmizləməyi məndən xahiş etdi və müqabilində, mənzil satılanda, mənə pul verəcəyini dedyi. İşim və pulum olmadığından razılaşdım. Bundan sonra Ceyhun taksi sifariş etdi və Şamillə birlikdə Atatürk prospektində yerləşən mənzilə gəldik. Evə girdikdə, içərinin zibil ilə dolu və əşyaların səliqəsiz vəziyyətdə olduğunu gördüm. Şamillə köməkləşib evdə təmizlik işləri görməyə başladıq. Gecə orda qaldım. Növbəti gün Şamil mobil telefonumu ona verməyimi xahiş etdi və Kliniki Tibbi Mərkəzə gedəcəyini deyib evi təmizləməyimi tapşırdı. Onun istəyini pis fikirlə qəbul etmədim və mənzildə səliqə-sahman yaratmaqda davam etdim. Sonrakı günlərdə hiss etdim ki, Şamil mənə sanki qulluqçu gözü ilə baxır. Buna narazılığımı bildirəndə, tanışım belində gəzdirdiyi bıçağı çıxarıb dəstəyi ilə başıma vurdu və dedi ki, evdə onun dedikləri icra olunmalıdır.
Bundan sonra əvvələr məhkumluq həyatı yaşamış Şamilə qarşı qorxu hissim yarandı. Öz evimə getmək istəməyimi söylədikdə, tanışım bildirdi ki, nə vaxt mənzili təmizləyib qurtarsam, onda gedə bilərəm. Şamil evdən çıxıb getdiyi vaxtlarda qapını çöl tərəfdən bağlayırdı. Ara-sıra onun gətirdiyi narkotik və psixtrop maddələrdən istifadə edirdik. Anama dostumun yanında qaldığımı desəm də, harda qalmağım barədə məlumat vermədim. Bu müddət ərzində onun evinə tanımadığım şəxslər qonaq gəlib-gedirdi. Şamilin tapşırığı ilə onlara yemək hazırlayırdım”.
Həmin şəxslərin yanında da Şamil onu təhqir edib və döyüb. Aprelin 22-də günorta tanışı evdən çıxaraq, qapını yenədə çöldən bağlayıb:
“Saat 18 radələrində Şamil Əliheydər adlı şəxslə qayıtdı, metamfetamin qəbul etdik. Ev sahibinin tapşırığı ilə onlara çay verdim. Əliheydər gedəndən sonra evdə ikimiz qaldıq. Gecə saatlarında Şamil başıma zərbələr vuraraq, mənzili süpürməyimi və paltarları yumağımı tələb etdi. Hiss etdim ki, tanışım narkotik maddə qəbul etdiyi üçün aqressivləşib. Şamil otaqda əyləşib televizora baxanda, mətbəxdə idim. Artıq cana yığıldığımdan qərara gəldim ki, sakitcə evdən çıxım. Asta addımlarla qapıya doğru gedib cəftəni açdım. Lakin açarla bağlı olduğundan qapı açılmadı. Səsi eşidən Şamil içəridən “hara qaçırsan” deyə-deyə dəhlizə gəldi. Ev sahibinin məni bıçaqla vuracağından qorxdum. Buna görə də, özümü qorumaqdan ötrü mətbəxdə masanın üstündə olan dəstəyi qara rəngli bıçağımı götürdüm. Dəhlizdə, üzbəüz vəziyyətdə öncə onun sinə, ardınca da baş və boyun nahiyələrinə 5-6 dəfə zərbə vurdum".
Şahid Sevinc Əliyeva bildirib ki, Şamil Əliyev onunla qonşuluqda yaşayıb:
“May ayında binanın blokundan üfunət iyi gəldiyini hiss etdim. Daha 2 gündən sonra artıq pis qoxu səbəbindən bloka girmək mümkün olmadığından, polisə zəng edib məlumat verdim. Zəng edəndən 15 dəqiqə sonra polis əməkdaşları yaşadığım ünvana gəldilər və qonşumun meyitini yaşadığı mənzildə aşkar etdilər. Şamil Əliyev bir neçə il əvvəl həbsdən çıxıb, aramızda ədavət olmayıb. Şamilin yaşadığı evə mütəmadi gecələr tanımadığım şəxslər gəlib-gedirdi. Emil Ağayevi əvvəllər görməmişəm”.
Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Emil Ağayevdə narkotik vasitələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunub.
Məhkəmə iclasında Emil Ağayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə Emil Ağayevin Şamil Əliyevi öldürmək niyyətinin olmaması barədə verdiyi ifadəsini, müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edib.
Məhkəmə nəticəyə gəlib ki, Emil Ağayevin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
BakuFakt.az