Qadının başqaları ilə münasibəti olmasını etirafı cinayətə səbəb oldu - Qətlin təfərrüatı
Ağdam rayonu Təzəkənd qəsəbəsində həyat yoldaşı, beş uşaq anası 1985-ci il təvəllüdlü Tünzalə Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən 1974-cü il təvəllüdlü Sahib İbadova hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə S.İbadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla) və 221.2.2-ci (Xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il dekabrın 21-də baş verib. Məlum olub ki, cütlük 2006-cı ildə ailə qurub və onların birgə nikahından beş uşaqları dünyaya gəlib. Qətl törədilməzdən bir həftə öncə Tünzalə Sahibə ondan boşanmaq istədiyini deyib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.İbadovun sözlərinə görə o, Tərtər rayonunda usta kimi çalışarkən oğlu ona zəng edib və yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini bildirib:
“Dərhal evə getdim və həqiqətən də tanımadığım polis əməkdaşının həyətdə məni gözlədiyini gördüm. Polis mənə Tünzalənin məndən polis şöbəsinə şikayət etdiyini dedi, mən də şikayətin məzmununu soruşdum. Dedi ki, arvadın boşanmaq istəyir. Bu səbəbdən şikayət edib. Dedim ki, əgər Tünzalə boşanmaq istəyirsə, məhkəməyə müraciət edə bilmək hüququ var”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Tünzalənin yanına gedib nə üçün ondan şikayət etdiyini soruşub:
“Tünzalə isə gecə mən yatandan sonra gizlicə telefonu götürüb sahə rəisini yığdığını dedi. Onun bu hərəkətindən sonra mən də boşanmaq qərarına gəldim. Bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam Rayon Məhkəməsinə getdik. Məhkəmədə boşanmaq üçün ərizə vermək lazım olduğunu dedilər. Biz də vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilmədik”.
O bildirib ki, hadisə günü spirtli içki qəbul edib:
“Evdəkilər yatdıqdan sonra yataq otağında Tünzalə ilə söhbət etməyə başladıq. Tünzaləyə onsuz da boşanacağımızı, amma nə üçün onun telefonunu gizli olaraq götürüb sahə rəisinə zəng vurmasını, ümumiyyətlə, həmin sahə rəisinin mobil nömrəsini haradan bilməsini soruşdum. O da mənə “yaxşı edirəm, sənin nə işinə qalıb?!” dedi. İsrarla Tünzalədən nə üçün boşanmaq istəməsini soruşdum. Dedi ki, qardaşı Əlibalanın yoldaşı Dürdanə ona boşanaraq uşaqları ilə Bakıya köçməsi barədə məsləhət verib. Bundan sonra Tünzalə də onun bu fikri ilə razılaşıb”.
S.İbadov bildirib ki, o, təkrar niyə boşanmaq istədiyini soruşduqda Tünzalə artıq onu istəmədiyini, həyatında başqa insanlar olduğunu bildirib:
“Dedi ki, 44 günlük Vətən müharibəsi ərəfəsində tanışı Fəxri ilə yaxın münasibətdə olub. Nə üçün belə etdiyini soruşdum. O da “özüm bilərəm, kimlə istəsəm yataram” ifadəsini işlətdi”.
O bildirib ki, Tünzalənin bu sözü onu tamamilə özündən çıxarıb və qəfil durub yumruqla Tünzalənin üz nahiyəsindən zərbə vurub:
“Stulda əyləşmişdi. Daha sonra boğazından yapışıb boğmağa başladım. O arxası üstdə yerə yıxıldı. Mən də boğa-boğa stolun üzərində olan bıçağı götürüb boyun nahiyəsinə bir dəfə zərbə endirdim”.
S.İbadovun sözlərinə görə, o, əlindəki bıçaqla Tünzalənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub:
“Sonuncu zərbədə isə bıçağın tiyəsi yarıdan qırıldı. Sonra otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürüb yenidən Tünzaləyə zərbələr vurmağa başladım. O yüksək səslə çığıra bilməsə də, sağa sola ağır-ağır hərəkətlər edirdi. Ölmədiyini görüb ət dəhrəsi ilə baş və boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağa davam etdim. Sonra Tünzalənin yerdə döşəmənin üzərində hərəkətsiz qalmasını görüb ət dəhrəsini elə meyitin yanında qoyub ayağa qalxdım, ayağım, üst-başım qan idi. Təmizlənib polis şöbəsinə getdim”.
Məhkəmə iclasında zərərçəkmiş şəxsin bacısı ifadəsində bildirib ki, Tünzalə əri Sahiblə sevib ailə həyatı qurub və münasibətləri yaxşı olub. Lakin son illərdə aralarında mübahisələr yaranıb:
“Tünzalə ilə Sahibin dalaşmasına səbəb Sahibin mütəmadi olaraq spirtli içki qəbul etməsi idi. Sahib içki içdikdən sonra aqressiv olurdu, hər kəslə, xüsusilə də, Tünzalə ilə kobud rəftar edirdi, ona qarşı zor tətbiq edərək döyürdü. Ancaq onların bir ailə olmasını, beş azyaşlı uşaqlarının olmasını nəzərə alıb nə mən, nə qardaşım, nə də bacılarımız bununla bağlı polis şöbəsinə müraciət etmirdik. Sonuncu dəfə Tünzaləni üç il əvvəl gördüm, ikinci Qarabağ müharibəsi zamanı Tünzalə həm xalam oğlu Elşəngildə, həm də qardaşım Əlibalagildə qaldı. Həmin vaxtı da Tünzalə əri Sahibin tez-tez spirtli içki içib onunla dalaşdığını deyirdi. Axırıncı dəfə qardaşım Elşən arvadı Dürdanə ilə birlikdə Sahibgilin evinə bayram münasibəti ilə qonaq getmişdi. Onda mən də telefonla danışdım, Tünzalə ilə hal-əhval etdik, hər şeyin yaxşı olduğunu dedi. Ondan sonra da əlaqəmiz olmadı. Sahib rayon prokurorluğuna düzgün olmayan məzmunda ifadə verib. Tünzalə ilə hər hansı şəxs arasında yaxın münasibəti olmayıb, Sahib yəqin ki, öz məsuliyyətini yüngülləşdirmək məqsədilə belə ifadə verib”.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az