Azad Media Susdurula Bilməz!
Whatsappda qrup yazışmasına görə dubinka ilə döyüb, başını divara çırpıb
KRİMİNAL

Whatsappda qrup yazışmasına görə dubinka ilə döyüb, başını divara çırpıb

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsində şahidlər ifadə verib.

Bakufakt.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyevə söz verilib.

O, bacısınının İ.Məmmədov tərəfindən xidməti dubinka ilə döyüldüyünü bildirib:

“Bacım bir dəfə mənə zəng elədi ki, “gəl məni götür, özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm”. Dubinka və təpiklə onu döymüşdü. Bu hadisə bir dəfə də təkrarlanmışdı. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlar tərəfdən heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. İsmayıla ömürlük həbs verilməsini xahiş edirəm".

Şahid qismində ifadə verən Gülxanım Yolçuyeva mərhumun bibisi olduğunu deyib. Onun sözlərinə görə, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub:

"Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, onu bizə çatdırsın. Sürücü götürmək istəməyib. Deyib ki, məni bibimgilə çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da yatmadıq. İsmayılın onu nəyə görə döydüyünü mənə danışdı.

Votsapda adi bir qrup yazışmasına görə qızımızı dubinka ilə döyüb, başını divara çırpıb. Səhər bölmədə təhqiqatçının otağına girib hadisəni danışdıq və ekspertizaya getmək üçün sənədlər hazırlandı. İsmayıl içəri gəldi, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmadı. Sonra balamı qanına qəltan elədi”.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.

IRON MAX AZERBAIAN