Saatlıda keçmiş direktora cinayət işi açıldı
Saatlıda keçmiş vəzifəli şəxs barəsində cinayət işi başlanıb.
Rayon prokurorluğundan verilən məlumata görə, Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq direktoru Nizami Mehtiyev tərəfindən sakinlərdən işə düzəltmək adı ilə pul vəsaiti alınması barədə müraciət üzrə araşdırma aparılıb. Araşdırma zamanı Nizami Mehtiyevin direktor işlədiyi dövrdə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamasına, həmçinin vətəndaşların işə düzəlməsi ilə əlaqədar 25 min manat pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə ibtidai istintaq davam etdirilir.