Azad Media Susdurula Bilməz!
Kərə yağı bahalaşdı - Açıqlama
İQTİSADİYYAT

Kərə yağı bahalaşdı - Açıqlama

Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.

Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli  deyib ki, Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbbindən süd məhsulları bahalaşıb. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur:

"Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Digər tərəfdən, onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır".

IRON MAX AZERBAIAN