Azərbaycanda benzin ucuzlaşır?
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib.
Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hət tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib.
İqtisadçı Natiq Cəfərli bildirib ki, bu qərar yanacağın qiymətinə təsir etməyəcəkdir:
“Mən düşünmürəm ki, yanacağın qiyməti ucuzlaşacaq. Sadəcə olaraq, ölkəyə idxal olunan "Aİ-92" markalı yanacağın çatışmayan hissəsinin təmin edilməsi və yanacağın qiyməti bahalaşmaması üçün bu qərar qəbul edilib. Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır, ölkədə istehlak üçün çatışmayan "Aİ92" və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın.
170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir, "Aİ95", "Aİ98" markalı benzini istehsal edə bilmirik, "Aİ92" istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, "Aİ95"-in bir hissəsini Gürcüstandan idxal edirik".
"BakuFakt.az"