"Bakufakt yazdı" AZZA cərimələndi..
Əmək Müfəttişliyi AZZA-nı cərimələdi Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA ilə bağlı redaksiyamıza bir müddət əvvəl ünvanlanan şikayət təsdiqini tapıb. Belə ki, şikayətçinin sözlərinə görə, 2022-ci ilin martından AZZA-da işə başlayıb və həmin dövrdən etibarən əmək, istirahət hüququ mütəmadi olaraq pozulub. Şikayətçinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı məktub saytımızda işıqlandırıldıqdan sonra AZZA-ya qarşı tədbir görülüb. Redaksiyamıza daxil olan məlumata görə, AZZA barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü bəndinə əsasən inzibati tənbeh tədbiri görülüb. Xatırladaq ki, şikayətçi işlədiyi müddətdə dəfələrlə onunla bağlanan əmək müqaviləsinin işçidə qalmalı olan nüsxəsini istəsə də, rəhbərlik müqavilənin nüsxəsini ona verməkdən yayındlğını bildirmişdi:
“Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı rəhbərliyə müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu “səhv” aradan qaldırılmadı", mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır”.
Şikayətçinin sözlərinə görə, hüquqlarının pozuntusu bununla da bitməyib: “AZZA-da mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir, ancaq əlavə işə cəlb olunduğum saatların əmək haqqı ödənilməyib. Bu da Əmək Məcəlləsinin 165-ci maddəsinin pozulmasıdır". Əmək Müfəttişliyi şikayət əsasında araşdırma apararaq müvafiq qərar verib.
"BakuFakt.az" qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.