Bəşəriyyət ərzaq böhranı ilə üz-üzə
Dünya Bankının hesabatına görə, ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşması 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkəyə zərər vurub. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi bağları olan ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək.
Üç aydan artıqdır ki, davam edən Ukrayna – Rusiya müharibəsi hər iki xalqa ölüm və fəlakət gətirməklə yanaşı, kəskin iqtisadi, siyasi problemlərə, ərzaq böhranı və yoxsulluğa səbəb olub. Və bu problem regionu deyil, bütün dünyanı əhatə etməkdədir. Əksər ekspert və analitik mərkəzlərin gəldiyi qənaət budur ki, müharibə uzanacağı təqdirdə, kənd təsərrüfatı istehsalı azalacaq və nəticədə ərzaq böhranı baş verəcək.
Artıq BMT və Avropa İttifaqı və digər qurumlar xəbərdarlıq edib ki, müharibə Yaxın Şərq və Afrikada ərzaq böhranı yarada bilər. Səbəb də odur ki, Misir, Livan, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla, bir çox ölkə buğdanın təxminən yarısını Ukrayna və Rusiyadan alır. Tək bir faktı deyək ki, Ukraynanı Avropanın “çörək səbəti” adlandırırlar. Ukrayna ərazisinin 70 faizi münbit torpaqlardan ibarətdir və onun 32 milyon hektar əkin sahəsi var. Bu nisbət də bütün Avropanın əkin sahələrinin 1/3 hissəsinə bərabərdir. Rusiya Ukrayna limanlarını bağlayır, demək olar ki, tamamilə idxaldan asılı olan Misir kimi ölkələrdə sürətlə defisit yaradır və qiymət artımına səbəb olur. Məsələn, Ukrayna buğdasını dünyanın ən böyük idxalçıları Misir (3,4 milyon ton), İndoneziya (2,8 milyon ton), Türkiyə (1,6 milyon ton), Pakistan (1,4 milyon ton) və Mərakeş (1 milyon ton) alır. Çin kimi dövlət Ukraynadan 8 milyon ton qarğıdalı alır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2022-ci ildə Ukraynada taxıl yarıbayarı azalacaq. Nəticədə, Ukraynadan taxıl ixracı 24 milyon ton azalacaq ki, bunun da 10 milyon tonu buğda olacaq.