Şahmatçı Maqnus Karlsen FİDE turnirlərində iştirak etməyəcək – BƏYANAT
Klassik şahmat üzrə keçmiş dünya çempionu norveçli Maqnus Karlsen artıq Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə iş görməyəcək və onun turnirlərində iştirak etməyəcək.
Bakufakt.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, “Gotham Chess” portalına müsahibəsində bildirib.
Bundan əvvəl FİDE geyim qaydalarını pozduğuna görə Karlseni dünya rapid çempionatından diskvalifikasiya edib. 8 turdan sonra Karlsen 5 xal toplayıb və 41-ci yerdə olub.
"Aydındır ki, bu mənim ən yaxşı turnirim deyildi, ümumilikdə yaxşı oynamadım. Yaxşı yatdım və naharda xoş görüşlər keçirdim, ondan sonra turnirə getdim. Otağıma getməyə, paltar dəyişməyə çətinliklə vaxt tapdım, cins şalvar geymək haqqında düşünmürdüm. Mənə xəbərdarlıq etdilər, paltarımı dəyişməli oldum, sonra cərimələndim. Dedim ki, sabah dəyişəcəm, baş verənlərin ciddiliyini belə anlamadım, amma dedilər ki, indi dəyişməliyəm”, - Karlsen izahat verib.
“Müraciət etməmişəm, düzünü desəm, buna diqqət yetirmək üçün çox qocalmışam. ...Yaxşı, onlar öz qaydalarını qoya bilərlər, buna etirazım yoxdur. Mənim cavabım belədir: yaxşı, o zaman mən gedirəm”, - deyə o, əlavə edib.