Azərbaycan qol güləşi üzrə Avropa çempionatında beş idmançı ilə təmsil olunacaq
İyunun 9-da Moldovanın paytaxtı Kişineuda qol güləşi üzrə XXXII Avropa çempionatı start götürəcək.
BakuFakt.az xəbər verir ki, Azərbaycanı qitə miqyaslı yarışda beş idmançı təmsil edəcək. Ölkəmizin idman şərəfini İbrahim Cəlilov, Rüfət Mustafayev, İsmayıl Mustafayev, Rəşad Quluzadə və Tərxan Müzəfərov qoruyacaqlar.
Yarışdan əvvəl Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Beynəlxalq Qol Güləşi Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov Avropa çempionatında iştirak edəcək idmançılarla görüşüb.
Avropa çempionatında idmançılara uğurlar arzulayan C.Əhmədov atletlərin həm sağ, həm də sol qolda uğurla çıxış edərək qızıl medallar qazanacağına ümidvar olduğunu deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışan C.Əhmədov ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində federasiya tərəfindən görülən işlər barədə danışıb, əldə olunan nailiyyətlərdən söhbət açıb. Avropa çempionatından sonra idmançılarımızı dünya çempionatının gözlədiyini xatırladan federasiya prezidenti hər iki yarışda milli komandamızın üzvlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, yığma komandamızın Moldovaya səfəri və Avropa çempionatında iştirakı ilə bağlı bütün xərclər Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov tərəfindən qarşılanır.
BakuFakt.az