HƏRBİ VƏZİYYƏT ZAMANI KİV VƏ JURNALİSTLƏR
Konflikt jurnalistikası baxımından hərbi vəziyyət xüsusi əhəmiyyət daşıyır. Belə şəraitdə jurnalistlər həm informasiya əldə etmək, həm də ictimaiyyətə düzgün və obyektiv məlumat çatdırmaq məsuliyyəti daşıyırlar.
Hərbi əməliyyatlar zamanı məlumatların yayılması dövlət və hərbi təhlükəsizliyə təsir göstərə bilər. Buna görə hərbi vəziyyət şəraitində KİV-in fəaliyyətinə qanunla müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilə bilər.
Jurnalist: təsdiqlənməmiş məlumatı fakt kimi təqdim etməməli; hərbi mövqelərin, şəxsi heyətin və strateji obyektlərin təhlükəsizliyini riskə atmamalı; dövlət və hərbi sirri yaymamalı; təxribat xarakterli məlumatlardan çəkinməli; müxtəlif tərəflərin mövqelərini mümkün qədər balanslı təqdim etməli; informasiya müharibəsinin təsirinə düşməməli; insan hüquqlarına və jurnalist etikası prinsiplərinə riayət etməlidir.
Bu baxımdan konflikt jurnalistinin əsas vəzifələrindən biri cəmiyyətin informasiya əldə etmək hüququ ilə milli təhlükəsizlik arasında düzgün balans yaratmaqdır.

