Robert Əyyubovun qanunsuz yolla ələ keçirdiyi şirkəti türkiyəli tanınmış vəkil müdafiə edəcək
Azərbaycan dərman bazarında xüsusi çəkiyə malik olan məşhur “Sonar farm” şirkəti ətrafında qalmaqal getdikcə böyüyür. Xeyli müddətdir ki, davam edən qalmaqalda yeni adlar meydana çıxıb. Belə ki, şirkətdə 50 faiz paya sahib olan, hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Elnur İskəndərov əslində 21 milyonluq şirkətin hədə-qorxu yolu ilə ondan alındığını bildirib və bu işdə adı çəkilən şəxslərlə bağlı sensasiyalı məlumatları açıqlayıb.
O, şirkəti Eyyubov Robert İslam oğlunun adına rəsmiləşdirməyə məcbur qaldığını iddia edib. Onu da bildirib ki, bu barədə bütün sübutlar Binəqədi rayon Polis İdarəsinə təqdim edilsə də, hansısa səbəbdən indiyə qədər cinayət işinin açılması yubadılır. Şikayətdə bildirilir:
“50 faiz payı mənə, digər 50 faizi isə Mahirə Əsədovaya məxsus olan 21 milyonluq şirkət cəmi 300 min manat müqabilində başqa şəxs tərəfindən ələ keçirilib”.
Belə ki, 8 ay əvvəl Elnur İskəndərovun saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsinə gedən Əziz Qəmbərli adlı vəkil onunla görüşərək şirkətin Robert İslam oğlu Əyyubovun adına rəsmiləşdirilməli olduğunu deyib. Şirkətdə 50 faiz pay sahibi olan Mahirə Əsədova bu prosesdən tamamilə kənarda saxlanılıb və xəbərsiz olub.
Elnur İskəndərov hədə-qorxu, təzyiq və təhdid altında qalaraq sözügedən şirkətin 51 faiz payını Bakıdakı 53 saylı noratiat kontorunda Robert Eyyubovun adına keçirməyə məcbur qalıb. Beləliklə, həyatı təhlükədə olduğundan, 17 yanvar 2025-ci il taixində özünün yaratdığı və Mahirə Əsədovanın da 50 faiz payçısı olduğu şirkətin 51 faiz payını Robert Əyyubovun adına keçirilməsinə məcbur edilib.
Bunun bir sübutu da 14 apreldə isə Robert Əyyubova ünvanlanan təsisçilərin növbədənkənar iclasının keçirilməsi barədə təklifdir. Belə ki, həmin təklifdə Robert Əyyubovun mobil telefon nömrəsi kimi məhz cəzaçəkmə müəssisəsinə gedən vəkil Əziz Qəmbərliyə məxsus nömrə yazılıb: “Buradan da aydın olur ki, hədə-qorxu ilə şirkəti Robert Əyyuvobun adına keçirməyə məcbur edən şəxs məhz həmin vəkil olub. Eyni zamanda, cəzaçəkmə müəssisəsinə sorğu göndərilsə, vəkil Əziz Qəmbərlinin mənim yanına gəlib-getdiyi məlum olacaq”.
Elnur İskəndərov bildirir ki, 21 milyon manatlıq şirkətin 51 faiz hissəsini cəmi 300 min manata Robert Əyyubova satmağa razılıq verməsi də məntiqdən kənardır. O, şikayətində göstərib ki, ağlı başında olan heç bir kəs buna razılıq verməz, bu da onun məhz təhdid altında belə qərara imza atmağa məcbur edildiyini göstərir.
Eyni zamanda, ondan hədə-qorxu yolu ilə Məzahir adlı şəxs vasitəsilə 1,2 milyon manat alınaraq Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı Samir adlı çəxsə verilib və bu vəsait də Robert Əyyubova çatdırılıb.
Şikayətində Elnur İskəndərov onu da bildirir ki, Robert Eyyuvobun bu məsələlərdən xəbərdar olub-olmadığı, onun adından istifadə edilib-edilmədiyi də araşdırma predmeti olmalıdır.
Şirkətdə 50 faiz payı olan Mahirə Əsədova da məsələ ilə bağlı yaxın zamanda Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayacaq.
Onu da vurğulayaq ki, Robert Əyyubovun qanunsuz yolla ələ keçirdiyi deyilən “Sonar Farm”da 50 faiz paya sahib olan Elnur İskəndərovin müdafiəsinə Türkiyənin tanınmış vəkillərindən biri İbrahim Köştərə də qoşulub. Vəkilin sözlərinə görə, şirkətin fəaliyyətinə yaxından bələddir, şirkətin Türkiyə-Azərbaycan əlaqələrndə müəyyən rol oynayıb. Həmçinin Mahirə Əsədovanı da şirkətin qurucularından biri kimi tanınyır.

