Yeni maşın almaq istədi, öz avtomobilini də əlindən aldılar-ŞİKAYƏT
Redaksiyamıza avtomobil alqı-satqısı ilə bağlı ciddi problemə üzləşmiş vətəndaşdan müraciət daxil olub. Üzləşdiyi problemlərin həlli üçün Daxili İşlər Nazirliyinə də müraciət edən Qəhrəmanova Ləman Əlxan qızı bildirib ki, ona məxsus olan "Kia Optima" markali, 77RS420 dövlət nömrə nişanlı avtomobil və onunla yanaşı, lizinqə aldığı yeni avtomobil əlindən alınıb:"Məmmədov
Teymur adlı şəxs mənə BMW markalı 77 CN003 dövlət nömrə nişanlı avtomobili lizinq yolu ilə satdı. Razılaşmaya əsasən,
ilkin ödəniş olaraq "Kia Optıma" markalı maşınımı götürdü. Ümumi olaraq avtomobilim 17 min AZN dəyərində hesablandı. Qalan məbləği ayda 1000 AZN olmaqla 16 ay ərzində ödəyəcəyimi razılaşdırdıq. 06.07.2024-cü il tarixində etibarnamə ilə razılaşma qanuniləşdirildi". Amma heç bir ay keçməmiş Ləman Qəhrəmanova gözlənilməz problemlə üzləşib. Avtomobilin kreditini 1000 AZN olmaqla bir ay ödəyib, ancaq qəfildən Teymur Məmmədov avtomobili ondan almaq qərarına gəlib:"Bu barədə mənə məlumat verilmədən avtomobil həyətimin qarşısından götürülüb. Səbəbi öyrənmək üçün Teymur Məmmədovla görüşdüm, mənə heç bir səbəb demədi. Bu azmış kimi, öz avtomobilimi də mənə qaytarmaqdan imtina etdi. Mənim avtomobilim 20 min AZN dəyərində idi, ona 17 min AZN qarşılığında verməyə razılaşmışdıq. Ancaq indi mənə avtomobilim üçün cəmi 9 min AZN təklif edir. Bu qiyməti haradan tapdığını, mənə satdığı avtomobili icazəsiz və xəbərsiz götürməyinin səbəbini söyləmir, öz avtomobilimi geri vermir. Bundan başqa, lizinq yolu ilə aldığım avtomobilə də xeyli xərc çəkmişdim. Yəni iki tərəfdən də maddi ziyana məruz qalmışam". Şikayətçi bildirib ki, şikayəti hazırda Xətai rayonu Polis İdarəsində araşdırılır:"Ancaq heç bir nəticə yoxdur. Həm avtomobilsiz qalmağım, həm mənə dəyən maddi ziyan vəziyyətimi xeyli çətinləşdirib. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi məsələnin ədalətli araşdırılmasına ciddi nəzarət edəcək". Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. "Bakufakt.az"