Azad Media Susdurula Bilməz!
Professor Qayıbverdi İsgəndərov “Sonar Farm”la bağlı yeni detalları açıqladı – 5 aptek və depo məsələsi
GÜNDƏM

Professor Qayıbverdi İsgəndərov “Sonar Farm”la bağlı yeni detalları açıqladı – 5 aptek və depo məsələsi

Son günlər “Sonar Farm” dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib.

Professorun sözlərinə görə, söhbət yalnız “Sonar Farm” şirkətindən deyil, şirkətin yerləşdiyi depo binası və ona aid olduğu bildirilən 5 aptekdən də gedir.

Qayıbverdi İsgəndərov bildirib ki, həmin əmlakları və “Sonar Farm”ın binasını Mahirə Əsədovaya müqavilə əsasında təhvil verib. Onun sözlərinə görə, bu addım qarşı tərəfə etimad əsasında atılıb və sözügedən obyektlərin sonrakı taleyi ilə bağlı yaranan vəziyyət hazırda ciddi suallar doğurur.

Professor qeyd edib ki, şirkət və mülklərlə bağlı hazırda adı hallanan şəxsləri tanımır. O, özünün razılığı və xəbəri olmadan əmlaklarla bağlı hər hansı dəyişiklik edilməsini qəbuledilməz hesab etdiyini bildirib.

İsgəndərov açıqlamasında səhhətində yaranmış problemlərə görə məsələyə geniş şəkildə münasibət bildirmək imkanlarının məhdud olduğunu da vurğulayıb. Bununla belə, professor əsas məqamı xüsusi olaraq diqqətə çatdırıb: onun sözlərinə görə, söhbət şirkətdən, depodan və 5 aptekdən ibarət əmlaklardan gedir və həmin mülklər müqavilə əsasında Mahirə Əsədovaya etibar edilib.

Məsələnin digər tərəfi isə “Sonar Farm” şirkətinin sonrakı taleyi ilə bağlıdır. Daha əvvəl yayılan məlumatlarda şirkətin təxminən 20-21 milyon manat dəyərində olduğu, lakin 300 min manatlıq müqavilə əsasında başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib.

Mahirə Əsədova da məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edərək araşdırma aparılmasını istəyib. Sahibkar şirkətin onun iradəsindən kənar şəkildə ələ keçirildiyini iddia edir.

Beləliklə, “Sonar Farm” ətrafında yaranmış vəziyyətdə həm şirkətin, həm də ona bağlı daşınmaz əmlakların hüquqi statusu ilə bağlı bir sıra suallar açıq olaraq qalır. Professor Qayıbverdi İsgəndərov isə hüquqlarının və mülkiyyət məsələsinin araşdırılmasını istəyir.

Məsələ ilə bağlı səsləndirilən iddiaların hüquqi qiyməti yalnız aidiyyəti dövlət qurumlarının araşdırmasından və məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra müəyyənləşə bilər.

IRON MAX AZERBAIAN